Ukrayna "Qazprom"la qaz tranziti müqaviləsini uzatmayacaq
Kiyev Rusiya qazının tranziti ilə bağlı "Qazprom"la ilin sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O, keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya ilə razılaşma davam etməyəcək.
Eyni zamanda Zelenski bəyan edib ki, müqavilənin müddəti başa çatdıqdan sonra Ukrayna Aİ ilə birlikdə Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı qərar qəbul edəcək. “Digər şirkətlərdən qazın tranzitinə gəlincə, bəzi avropalı həmkarlarımızın tələbi davam edərsə, Aİ və mən onların xahişini nəzərdən keçirəcəyik”, - deyə Zelenski əlavə edib.
Bundan əvvəl Ukraynanın energetika naziri German Qaluşenko bəyan etmişdi ki, Ukrayna “Qazprom”la müqaviləni yeniləməyi planlaşdırmır. Nazirin sözlərinə görə, Ukraynanın qaz nəqli sistemi tranzit olmadan təhlükəsiz mövcud olmağın mümkün olduğunu sübut edən stress-testlərdən keçib.