Azərbaycan Samsunda Sağlıq Zirvəsində təmsil olunur - FOTOLAR
Mayın 16-da Türkiyənin Samsun şəhərində Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) təşkilatçılığı ilə 2-ci Beynəlxalq İkiztəpə Sağlamlıq Zirvəsi başlayıb.
AFN.az xəbər verir ki, 23 ölkədən 200-ə yaxın tibb mütəxəssisi, turizm sektoru təmsilçilərinin və media nümayəndələrinin qatıldığı tədbirin reallaşdırılmasında əsas məqsəd Türkiyənin sağlıq turizmi sahəsində yerini və rolunu daha da artırmaqdır.
19 Mayıs Universitetinin Turizm kafedrasının müdiri Yetkin Bulut tədbirdəki çıxışında bildirib ki, Samsun şəhərinin 300 min illik tibb tarixi var. Təmsil etdiyi ali təhsil ocağında 53875 tələbənin təhsil aldığını deyən Yetkin Bulutun sözlərinə görə, bunun 7400 nəfəri məhz tibb sahəsi üzrə oxuyur: "Tibb və turizm bir-biri ilə çox bağlıdır. Samsunda 56 sağlıq turizmi xəstəxanası fəaliyyət göstərir. Bunları ixtisaslı kadrlarla təmin etmək bizim vəzifəmizdir. Samsundakı tibbi turizm müəssisələri medikal turizm, engelli bakım turizmi, kaplıca və SPA turizmi və yaşlı turizm olmaqla, 4 istiqamət üzrə fəaliyyət göstərir".
ASKON başqanı Orhan Aydının sözlərinə görə, İkiztəpədə aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl baş beyində əməliyyat aparıldığı və həmin əməliyyatdan sonra xəstənin uzun müddət yaşadığı müəyyən olunub. "Qaradəniz sahilində yerləşən Samsun Türkiyədə artıq tibb şəhəri kimi səciyyələnməyə başlayıb" - deyə başqan qeyd edib.
ASKON Samsun şöbəsinin rəhbəri Ahmet Alp Doğru bildirib ki, insanların qocaldığı və tibbi xərclərin artdığı dünyada Türkiyə bir çox xəstəliklərin müalicəsində, xüsusən də cərrahiyyədə ilk beşlikdə yer alır: "Samsun kənd təsərrüfatı sahəsində lider olsa da, tibbi sənayesində də önə keçməyə çalışır. Sağlıq sektorunun illik gəliri isə təkcə Samsunda 6,5 milyard dollar təşkil edir".
Qeyd edək ki, Samsun İkiztepe Sağlamlıq Zirvəsində Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi, sağlamlıq turizmi sahəsində də çox yaxşı münasibətlər formalaşıb: "Azərbaycan Samsunda keçirilən İkiztepe Sağlıq Zirvəsində artıq 2-ci dəfə iştirak edir. Ölkəmiz burada böyük nümayəndə heyəti ilə təmsil olunur. Qardaş ölkənin və digər iştirakçı ölkələrin səhiyyə və turizm nümayəndələri ilə keçirilən görüşlər nəticəsində qarşılıqlı əməkdaşlığın qurulması Azərbaycana sağlamlıq məqsədilə gələnlərin sayına da öz təsirini göstərir. Bu il ərzində Bakıda Samsun sağlıq turizmi günlərinin keçirilməsi barədə müzakirələr aparırıq. Eyni zamanda Bakı-Samsun birbaşa reyslərin təşkili məsələsi də gündəmdədir".
Qeyd edək ki, dünyada tək sağlamlıq turizmi üzrə gəlirlər 10 trilyon dollardır.
Fəxriyyə ABDULLAYEVA