Sergey Mixaylov və Mixail Qusman İlham Əliyevi təbrik etdilər
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
AFN.az xəbər verir ki, təbrikdə deyilir:
“Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi və şəxsən mən Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Siz bir dəfə TASS İnformasiya Agentliyinə müsahibənizdə demişdiniz ki, insanlarla canlı ünsiyyət Sizə zamanın nəbzini tutmaq, insanları nəyin narahat etdiyini bilmək imkanı verir. Mənim fikrimcə, bu, Sizin siyasətinizin uğurunun əsas reseptlərindən biridir. İnsanların ehtiyaclarına həssas münasibət və bütün xalqın dəstəyi Azərbaycan cəmiyyətinə zamanın çağırışlarının öhdəsindən uğurla gəlməyə imkan verən ən mühüm amildir. Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr respublikanın inkişaf vektorunu illərcə qabaqcadan müəyyən edir. Azərbaycanın uğurları, onun sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin bütün daxili resursları birləşdirmək, onları dövlətin mənafelərinin müdafiəsinə yönəltmək bacarığınızın nəticəsidir.
Ölkələrimizi sıx strateji tərəfdaşlıq münasibətləri bağlayır. Siz bu münasibətlərin möhkəmlənməsi üçün ciddi səy göstərirsiniz.
TASS Agentliyində bizim informasiya sahəsində əməkdaşlığımızın, o cümlədən dövlət kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Ümidvaram ki, bu məsələlərdə səmərəli qarşılıqlı fəaliyyətimiz davam edəcək.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə təşəbbüslərinizdə yeni-yeni uğurlar arzu edirəm”.
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Xahiş edirəm, doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
Siz görkəmli siyasi xadim və Ali Baş Komandan olaraq Azərbaycanın mənafelərini ardıcıl surətdə və inamla müdafiə edir, vətəndaşlarınızın təhlükəsizliyini qoruyur, onların rifahını yüksəldirsiniz.
Uzun illər boyu ölkəni müdrikliklə və səmərəli idarə etməyiniz Azərbaycanın davamlı iqtisadiyyatını, qabaqcıl texnologiyalarını, güclü ordusunu, humanitar sahədə ciddi və parlaq nailiyyətlərini uğurla təmin edib.
Ölkə vətəndaşları sosial baxımdan yüksək səviyyədə qorunur və onlar gələcəyə inamla baxırlar.
İcazə verin, həyatınızın bu əlamətdar günündə Sizə uğurlar və nailiyyətlər, sevinc və xoşbəxtlik, ən başlıcası, möhkəm cansağlığı arzulayım.
Qoy Sizin bütün şəxsi və peşəkar planlarınız həyata keçsin.
Sizə və Azərbaycan Respublikasının xalqına xoş günlər və firavanlıq diləyirəm”.