ABŞ mətbuatı: Ermənistan ordusunun Azərbaycan ərazilərindən tam çıxarılmaması narahatlıq doğurur
ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində İkinci Qarabağ müharibəsinin nəticələri, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı məqalə dərc olunub.
“Report”un xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin müəllifi olduğu "Minalar və əsirlər Qarabağda sülh prosesinə mane olur” adlı məqalədə qeyd olunub ki, Ermənistanla Azərbaycan arasındakı İkinci Qarabağ müharibəsi on illərdir davam edən münaqişədə status-kvonu dəyişib.
Yazıda vurğulanıb ki, tərəflər arasında müsbət dinamikaya baxmayaraq, noyabr sazişinin bütün bəndlərinin həyata keçirilməsində hələ də çətinliklər mövcuddur: "Belə ki, Ermənistan Silahlı Qüvvələrinin və silahlarının Laçın dəhlizi ilə Qarabağa tranziti, eləcə də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması narahatlıq doğuran məqamlardır".
Ş.Hacıyev qeyd edib ki, bundan əlavə, Ermənistan və Azərbaycanın bu günə qədər həll edə bilmədikləri iki əsas məsələ qalır: " Birincisi, Azərbaycan hərbi qüvvələrinin dekabrın ortalarında, sülh müqaviləsi imzalandıqdan bir ay sonra ələ keçirdiyi 62 erməni əsgərinin statusu həll olunmamış qalır. Bu əsgərlər barışıq sazişini qəbul etməkdən imtina edərək, Azərbaycan ordusuna qarşı hərbi əməliyyatları davam etdiriblər. Nəticədə Azərbaycanın üç hərbçisi və bir mülki şəxsi şəhid olub. Bu baxımdan, Bakı bu əsgərləri terrorizmdə günahlandırır və Ermənistana qaytarılan əsirlərdən fərqli olaraq onları geri qaytarmaqdan imtina edir".
Müəllif bildirib ki, digər əsas məsələ Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsidir. Bildirilir ki, müharibə bitdikdən sonra mina məsələləri post-konflikt dövrdə əhəmiyyətli bir problem olub: "Qarabağ bölgəsi postsovet məkanında ən böyük mina çirklənməsi problemləri ilə üzləşmiş ərazilərdəndir və mina sahələrinin xəritələri olmadan bütün minaların təmizlənməsi çox çətindir. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi gələcək sülh səylərinə xələl gətirə bilər".
Ş.Hacıyev vurğulayıb ki, Ermənistan barışıq niyyətinin göstəricisi olaraq Azərbaycana və sülhməramlılara mina xəritələri verməlidir: "Bu cür fəaliyyət minalardan təmizlənmə əməliyyatlarını sürətləndirəcək və tərəflər arasında qarşılıqlı inamı artıracaq".