Təhsil sisteminin trendləri və postpandemiya dövrü üçün proqnozlar




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova təhsil sisteminin trendləri və postpandemiya dövrü üçün proqnozlarla bağlı sualları cavablandırıb.



Təhsil sisteminin son trendləri nələrdən ibarətdir?

- Dünya hərtərəfli modernləşir və buna səbəb olaraq həm mental aspektlərin, həm də texnologiyanın inkişafını göstərmək olar. Bu inkişaf təbii ki, təhsil sistemindən də yan keçmir və bu sahədə də yeni trendlər özünü biruzə verir. İlk öncə insanların düşüncə tərzinin dəyişməsi və iş mühitinin tələblərinə uyğun olaraq yeni yanaşmalar ortaya çıxıb. Buna misal olaraq qeyd etmərtıq təhsil almaq yaş həddi ilə sərhədlənmir. Belə ki, “Həyat boyu təhsil” (Lifelongeducation) anlayışı daha geniş şəkildə yayılır. Texnoloji inkişaf insana olan tələbi azaltdıqca insan kapitalı fərdləri arasında rəqabət mühiti güclənir. Müvafiq kadr yalnızca ona olan tələbatı qoruyub saxlamaq üçün daima inkişaf etməlidir, karyera pilləsində yüksəlmək kimi nəticələr isə daha çox səriştə tələb edir. Son zamanlar aktuallıq qazanan “Alisa effekti” (güzgülər aləmində Alisanın prinsipinə əsasən) bunu daha aydın izah etməyə yardım edə bilər. Belə ki, bu effektə əsasən olduğun yerdə qalmaq üçün qaçmalısan, irəli getmək üçün isə iki dəfə daha sürətli qaçmalısan. Məhz, bu səbəbdən insanların təhsili ənənəvi təhsil pillələrini (bakalavr,magistr, fəlsəfə doktoru və s.) qazandıqdan sonra da müxtəlif ixtisas artırmalar, kurslar və sairə ilə davam edir. Bu səbəbdən son dövrlərdə “andraqoqika”- yaşlı insanlara hədəflənən tədris termini aktuallıq qazanır.

Təhsilə baxışın dəyişməsi ilə bağlı digər məqam ixtisas dəyişiminin daha tez-tez baş verməsidir. Bunun səbəbi yanlış ixtisas seçimlərinin artması deyil, ixtisas dəyişmənin insanlar tərəfindən öncələr olduğu kimi çətin və uzun zaman tələb edən bir proses olaraq qəbul olunmamasıdır. Qiyabi təhsilin distant təhsil ilə əvəzlənməsi, universitetlərin qısa müddətli onlayn ixtisas artırma proqramları və əlavə peşə kurslarının yaradılması, qəbulu daha yumşaq şərtlərlə həyata keçirən özəl universitetlərin sayının artması və daha sərfəli qiymətlərlə təhsil almaq imkanlarının yaranması kimi amillər bu prosesi asanlaşdırıb. Digər tərəfdən son zamanlarda iş mühitində kəmiyyət və keyfiyyət balansında keyfiyyətin xeyrinə bir disbalans yarandığını qeyd etmək olar. Yəni, öncələr maddi qazanc əldə olunması və kəmiyyət daha önəmli hesab olunurdusa, günümüzdə daha çox işin və iş mühitinin keyfiyyətinə, psixoloji və emosional amillərə daha çox diqqət edilir. Başqa sözlə, “işini sevmək hər şeydən önəmlidir” yanaşması daha çox populyarlıq qazanıb. Əlbəttə bu balansda nisbilik ölkələrin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Belə ki, həyatda qalmaq uğrunda mücadilə edən yoxsul ölkələrin vətəndaşları üçün hələ də kəmiyyət anlayışı dominantlıq təşkil edir. İş mühitinin tələblərinə uyğun olaraq təhsil sistemində yenilik hesab olunan digər bir tendensiya hibrid kadrların ( iki və daha artıq sahədə ixtisaslaşmış) yetişdirilməsidir. Ənənəvi yanaşmalara görə bir istiqamətdə dar, lakin dərin ixtisaslaşma önəmli hesab olunurdusa, günümüzdə bu yanaşma dəyişərək əksinə daha geniş bacarıqlı kadrların əmək bazarında daha çox tələb olunmasına səbəb olub. Geniş bacarıqlı dedikdə də bir neçə ixtisasa qeyri-peşəkar sahib olmaq deyil, əsas ixtisasın daha kreativ əlavə bacarıqlar və digər ixtisasla birləşdirilmiş olması nəzərdə tutulur. Məsələn, iqtisadçının psixologiya, informatika və proqramlaşdırma, fəlsəfə kimi sahələrdə əlavə bacarıqlarının olması onu sadəcə iqtisadi sahədə daha güclü ixtisaslaşmış bir kadrdan bir addım önə çəkir. Xüsusilə də texnoloji biliklərin əlavə olaraq tələb olunmasına daha çox rast gəlinir. Belə kadrlara tələbatın çox olmasını nəzərə alaraq universitetlərdə iki ixtisası birləşdirən proqramlar hazırlanmağa başlayıb. İlk dəfə Pensilvaniya universitetinin nəzdində “Uorton” biznes məktəbində yaradılan (1977-ci il) biznesin idarə edilməsi və kompyuter mühəndisliyi ixtisaslarını birləşdirən proqram 2016-cı ildən Berkli Kaliforniya Universitetində də “İnformasiya Texnologiyalarının idərə olunması (InformationTechnology Management) proqramı adı ilə tədris olunmağa başlayıb. Tibbin texnologiyası, kənd təsərrüfatının texnologiyası və sairə sahələrin texnoloji biliklərlə birləşdirilməsi nəticəsində yaranan ixtisaslar aktuallıq qazanmağa davam edir.

Təhsillə bağlı yeni yanaşmalar təhsil sisteminin daha mobil, daha əlçatan olmasını tələb edərək yeni texnoloji yeniliklərin bu sahədə tətbiqini zəruri edir. Texnoloji inkişafın təhsil sisteminə inteqrasiyası isə təhsil texnologiyası - “EdTech” (educational technology) termininin formalaşmasına səbəb olub. Çoxları yeni təhsil texnologiyaları dedikdə yalnız məsafədən onlayn dərslərin nəzərdə tutulduğunu düşünür, lakin bu anlayış daha çox yüksək texnoloji həllərin, yeni yanaşmaların və metodların tətbiq olunduğu bir təhsil sistemini izah edir. Bu sahədə bir çox startaplar investorların diqqətini cəlb etməyi bacarıblar. Misal üçün süni intellekti, maşın öyrənməsini uşaqlara tədris edən portal (machinelearningforkids.co.uk), bundan başqa, yalnız zəif inkişaf etmiş ölkələrin vətəndaşları üçün nəzərdə tutulan, (xüsusən Keniya və Nigeriya) qəbulu çətin, lakin bitirənlərin böyük qisminin işlə təmin olmasına səbəb olan onlayn proqramlaşdırma tədrisi platforması - “Andela”, fərdi şəxslərin öz kurslarını onlayn şəkildə sata biləcəyi “Udemy”, top universitetlərin onlayn kurslarını keçmək və istəyə əsasən ödənişli sertifikatlarını əldə etmək imkanı yaradan “Coursera”, sinif tapşırıqlarının və qrup işlərinin onlayn formatda həyata keçirilməsini təmin edən “Kramer”, təhsil ocaqlarının onlayn video arxivi hesab olunan “Kaltura”platformaları daha çox populyarlıq qazanıblar.

Son dövrlərdə standart təhsil sistemində tələbənin bilikləri onun məlumatlılıq səviyyəsi ilə deyil daha çox meta bacarıqları və səriştəsi ilə qiymətləndirilir və bu səbəbdən praktik biliklərin gücləndirilməsinə yönəlik təhsil texnologiyaları, onlayn simulyatorlar yaradılmağa başlanılıb. Buna nümunə olaraq xarici diplomatik əlaqələr simulyatoru- “Model Diplomacy”, tibb mütəxəssisləri üçün virtual xəstə simulyatoru “İnSimu”və müxtəlif simulyatorları(Universitet rektoru, istehsal və ya ticarət subyektinin meneceri) özündə cəmləyən Simulizator.com portalları göstərilə bilər.

Bundan başqa Donorschoose.org- təhsil ixtisaslı xeyriyyə formatlı kraudfandinq platforması yaradılıb. Bu platforma da öz növbəsində təhsil sahəsində mövcud olan startapların maliyyə cəlb etməsi üçün geniş imkanlar yaradır.

Günümüzün və gələcəyin ən çox tələb olunan peşələri hansılardır?

- Yaxın keçmişdə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisasları populyar olduğu kimi günümüzdə proqramlaşdırma və kompyuter texnologiyaları gələcəyin peşəsi olaraq qiymətləndirilərək 95% valideynlərin uşaqlarını yönləndirdiyi ixtisasa çevrilib. Hətta son zamanlarda proqramlaşdırma dillərinin hərfi mənada bir dil olaraq qəbul olunması səbəbi ilə xarici dillərin mənimsənilməsi prinsipinə uyğun olaraq uşaqlara kiçik yaşlarından öyrədilməsinə üstünlük verilir. Lakin unutmaq lazım deyil ki, proqramlaşdırma dillərinin öyrədilməsi xarici dilə bənzər sözlərlə rahat izah oluna bilən bir proses deyil, müxtəlif alqoritmlərin qurulmasında istifadə olunan məntiqi, eyni zamanda, kreativ düşüncə tərzini tələb edən bir sahədir. Onu sadəcə öyrətmək kifayət deyil. İnsanın özünün artıq formalaşmış xarakteri və düşüncə tərzi bu sahədə önəmli faktorlardandır. Məhz, bu səbəbdən mütəxəssislər proqramlaşdırmanın uşaqlara öyrədilməsində tələsməməyi tövsiyə edirlər.

Artıq qeyd edildiyi kimi kompyuter texnologiyaları (proqromist, şəbəkə və sistem administratorları, frontend (vebsaytların istifadəçilərə görünən tərəfi) dizayneri, kompyuter mühəndisi və s.) və onun müxtəlif istiqamətləri ilə əlaqəli peşələr (sosial media meneceri, data analitiki və s) gələcəyin (10-30 illik müddət ərzində) peşələri adlandırıla bilər. Eyni zamanda, mövcud müxtəlif ixtisasların rəqəmsallaşması nəticəsində yaranan rəqəmsalmarketoloq, dron pilotu, 3D printer texniki, virtual reallıq üzrə dizayner, rəqəmsal reabilitasiya məsləhətçisi, ağıllı evlərin texniki və sairə kimi yeni peşələr də bu siyahıya aid edilə bilər. Bundan başqa, modern elmlər olaraq adlandıra biləcəyimiz biotibb və sintetik biologiya, genetika sahələrinin mühəndisləri, eyni zamanda, biotexnologiya və neyrotexnologiya üzrə ixtisaslaşmış kadrlar da gələcək üçün tələb olunan hesab olunurlar. Gələcəyin peşələri barədə danışdıqda diqqət edilməli digər məqam süni intellektin müxtəlif sahələrdə geniş tətbiq olunması ilə bir çox sahələrdə insan kapitalına olan tələbin azalmasıdır. Lakin bu əsasən rutin xarakterli sahələrə aid edilir. Belə ki, robotlar emosiyaların mütləq iştirakı tələb olunan peşələrdə (müəllim, həkim, tibb bacısı, psixoloq) insanları əvəz etməkdə acizdirlər. Eyni zamanda, kreativlik üzərinə qurulmuş peşələrdə də (incəsənət, yazıçılıq və s) insan amili əvəzolunmazdır. Bu baxımdan yaxın və orta gələcək üçün sadalanan peşələrin texnoloji inkişafın istənilən pilləsində öz aktuallığını itirməyəcəyini proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, insanların beyinlərinin geniş imkanlarını və emosiyalara sahib olma üstünlüyünü nəzərə alaraq işsizlik riskinin qarşısının alınması heç də düşünüldüyü qədər çətin olmayacaq.

Pandemiyanın təsiri təhsil sistemində hansı formada əks olunub və postpandemiya dövrü üçün hansı proqnozları vermək olar?

- Pandemiya bir çox sahələrə mənfi təsir göstərsə də, bu kritik zamanlarda əks effektə məruz qalan sahələr də oldu. Bunlara misal olaraq EdTech, FoodTech-qida çatdırılması (“Wolt”, “UberEat”, “JustEat” və s.), Tele Tibb (“BestDoctor”- tele tibb istifadəçilərinin sayı 5 dəfə artıb), onlayn ticarət (“Amazon”, “ebay” və s) və Strimminq xidmətlərini (“Netflix”, “Disney+” və s.) göstərmək olar.

İzolyasiya səbəbi ilə təhsil ocaqlarının fəaliyyətini dayandırması, eyni zamanda, karantin dövründə yaranan boş vaxtlarını təhsilə, müxtəlif kurslara ayıraraq səmərəli keçirməyə çalışan insanların sayının çox olması səbəbi ilə “EdTech” sahəsi pandemiya dövründə daha da inkişaf etməkdədir. Britaniyanın məşhur “PearsonEducation” şirkəti pandemiya dövründə onlayn platformaları üzrə aktivliyin 400% artdığını rəsmi olaraq açıqlayıb. Bu səbəblə şirkət əlavə olaraq 24 min müəllimi onlayn dərslərə cəlb edib. 4-12 yaş uşaqlara riyaziyyat dərsləri keçən “TheMathsFactor”platforması təkcə pandemiyanın ilk günündə 41 min yeni istifadəçini qeydə alıb. ABŞ-ın onlayn məktəbi “ConnectionsAcademy”isə 2 min əlavə yer açaraq 70 min müraciət qəbul edib.

Pandemiya zamanı onlayn təhsil aktuallıq qazandı və qısa müddətdə öncələr yalnız oflayn fəaliyyət göstərən məktəblərin, kolleclərin və universitetlərin özlərinin onlayn təhsil sistemlərini qurmaları mümkün olmadığı üçün artıq mövcud olan platformalarla əməkdaşlığa başlayaraq bu boşluğu müvəqqəti olaraq doldura bildilər. Bir çox təhsil ocağı imtahanların onlayn təşkilində çətinliklərlə üzləşdi. Bu baxımdan imtahanların ləğv olunması və ya alternativ üsullarla (onlayn kursları keçərək ordakı imtahanları verməklə) əvəz olunması həyata keçirildi.

Ən çox marağa səbəb olan sual isə postpandemiya dövründə təhsil sistemində nələr baş verəcəkdir. Ehtimal böyükdür ki, postpandemiya dövründə də onlayn təhsil sistemi aktuallığını itirməyəcək. Bunu nəzərə alaraq artıq bütün təhsil ocaqları özlərinin müvafiq sistemlərini quraraq rəqəmsallaşmaya keçidi sürətləndirməyə başlayıb. Ekspertlər hesab edirlər ki, təhsilin kütləvi formada rəqəmsallaşması dövrü başladı və bu geri dönüşü olmayan bir yoldur.

Onlayn təhsilə ehtiyacın artması gələcəkdə universitetlərə tələbin yox olmasına səbəb ola bilərmi?

- Ümumiyyətlə son zamanlarda ənənəvi təhsil sisteminə və diplom anlayışına yanaşmalar dəyişib. Şirkətlər top universitetlərin məzunlarının praktikada heç də hər zaman mükəmməl olmadıqlarını sınayaraq kadrları seçərkən artıq təhsil səviyyəsinə və təhsildə əldə etdikləri uğurlara deyil, praktik biliklərə və səriştəyə daha çox önəm verməyə başlayıblar. İlk dəfə Almaniyada yaradılan tətbiqi elmləri tədris edən xüsusi təhsil ocaqları (“Fachhochschul” vəyaqısaca “hochschul”)artıq Avstriya, Lixtenşteyn, İsveçrəvə s. ölkələrdə də fəaliyyət göstərir və daha çox aktuallıq qazanır. Bu sistemə qəbul imtahanı 1.5 saat müddəti ilə onlayn həyata keçirilir və imtahan zamanı internetdən və digər müxtəlif resurslardan istifadəyə icazə verilir. Burda önəmli olan tələbənin yaddaşının gücü, mövzuyla bağlı məlumatlı olması deyil, problemləri qısa zamanda həll edəbilmə bacarığının olmasıdır. Bundan başqa, bu təhsil sistemində daha öncəki təhsil göstəriciləri (attestat və diplom üzrə qiymətlər) seçimdə heç bir təsirə malik deyil.

Onlayn təhsilə gəldikdə isə bu insanların təhsil almaq imkanlarını artıraraq daha geniş spektrdə təqdim edən bir forma olaraq həm vaxt, həm məkan, həm seçimlər, həm də xərclər baxımından çox sərfəlidir. Bura sadəcə universitetlərin distant təhsil proqramları deyil, eynizamanda, kütləyə açıq onlayn kurslar - MOOC(“massive open online courses”) aid edilir. Hazırda 900 ali təhsil ocağının 11 mindən artıq insana açıq onlayn kursu şəbəkədə istifadəçilərə təqdim olunur.

Belə kursları təqdim edən platformalardan ən məşhurları aşağıdakılardır:

· Coursera - 60 milyon istifadəçisi olan bu portalda , 4,200-dən artıq kurs, 430-dan artıq ixtisaslaşma proqramı, 15 professional kurs ( top şirkətlər tərəfindən verilən praktik biliklər), 15 magistr hazırlıq kursları və 20 təhsil dərəcəsi verən (diplom təqdim edilən) kurs təqdim olunur.

· Edx- 55 universitet tərəfindən humanitar, riyazi və kompyuter elmləri üzrə 2,800 dən artıq kurs təqdim olunur. Hazırda 25 milyondan artıq istifadəçi bu onlayn dərslərdən yararlanır.

Onlayn təhsil anlayışına sosial şəbəbkələr vasitəsilə tədrisin həyata keçirilməsini də aid etmək olar. Son zamanlarda “Youtube” vasitəsilə müxtəlif kurslar keçirilir, praktiki biliklər paylaşılır. Şirkətin özü də platformanın təhsil potensialının yüksək olduğunu qəbul edir və bu potensialdan öz inkişafı üçün istifadə edir. Yalnız, 2018-ci ildə tədris materialları və praktiki biliklər kontentini yaradanlarla əməkdaşlığa 20 mln dollar xərcləndiyi açıqlanıb. “YouTube Learning” kanalı yaradılaraq müxtəlif istiqamətlər üzrə video dərsliklər paylaşılıb. İlk pleylistlər “Khan Academy”, “TED-Ed”, “Crash Course” və“Coding Train”kimi tədris layihələri tərəfindən yaradılıb.

Sosial şəbəkələrdə verilən təhsilin əsas üstünlüyü daha əlçatan olması, müxtəlif mobil cihazlar vasitəsilə istənilən mövzuda materialların ödənişsiz formada izlənilə bilməsidir. Bundan başqa, bu şəbəkələrdə dialoq prinsipinin-kommentlər bölməsində insanların müzakirələr edərək biliklərini möhkəmləndirmək imkanının olması da üstünlük olaraq qeyd oluna bilər. Bundan başqa, mikrotəhsil formaları (müxtəlif kurslardan tematik istiqamətlərin seçilərək fərdi tələblərə uyğun proqramın tərtib olunması) populyarlıq qazanır. Sosial şəbəkələr vasitəsilə təhsil də məhz bu təhsil formasına nümunədir.

Onlayn təhsilin inkişafının universitetlərin gələcəyinə olan təsirinə gəldikdə isə, əlbəttə ki, hər bir şəxsə müəllimin fərdi yanaşmasının onlayn formada daha çətin olması, emosiyaların canlı daha rahat ötürülə bilməsi, texniki imkanların tam da bütün tələblərə cavab verə bilməməsi kimi çatışmayan tərəfləri nəzərə almadıqda onlayn təhsil ənənəvi təhsili tamamən rəqabətə davamsız və bununla da lazımsız edə bilərdi. Bu gün bu səbəblərdən ənənəvi təhsilə hələ də tələb mövcuddur. Lakin təhsil texnologiyalarının durmadan inkişaf etməsi və təkmilləşməsi bu çatışmamazlıqları gələcəkdə aradan qaldırmağa qadirdir.

Artıq qeyd edilən təhsilə olan yanaşmaların dəyişməsi və təhsilin inkişafı sadəcə onlayn təhsilin deyil, daha geniş anlamda modern təhsilin ənənəvi təhsili sıxışdırıb yox etməsi ehtimalını yaradır. Yəni universitetləri qeyri-aktual edən yalnızca onlayn təhsil deyil. Bəlkə də onlayn təhsilin keyfiyyətli, modern, istifadəyə rahat formada qurulması universitetləri ayaqda tutan bir qurtuluş yolu da ola bilər. Çünki dünya yerində durmur və inkişaf edir, bu inkişafla ayaqlaşmayan hər şey yox olmaq riskini daşıyır. Bu baxımdan da universitetlər də ya inkişaf etməli və zamanın tələblərinə uyğunlaşmalı ya da tamamən yox olmalıdırlar.

Yeni texnologiyaların Azərbaycanın təhsil sisteminə tətbiqi sahəsindəki çağırışlar və həll yolları olaraq hansı məqamları qeyd edə bilərsiniz?

- İlk öncə ənənəvi düşüncə tərzi və insanların vərdişlərini dəyişdirməyin müəyyən zaman tələb etməsini qeyd etmək lazımdır. Uzun dövrlər ərzində təhsilin konkret məkan və zaman anlayışları ilə əlaqələndirilmiş olması, yəni, təhsilin məkan olaraq tədris ocağında keçirilən dərslərdə iştirak, zaman olaraq isə müəyyən mühazirə saatları ,dərs ili və sessiyalar ilə sərhədlənməsi insanların məkan və zaman anlayışlarının olmadığı onlayn təhsil sistemini tam ciddi şəkildə təhsil olaraq qəbul etmələrini çətinləşdirir. Bu əlbəttə daha çox təhsilin aşağı pillələrində dərs alan gənc kütləyə şamil olunur. Belə ki, gənclərin çoxunun təhsil almaq üçün motivasiyası abstraktdır. Yəni gələcəklə bağlı konkret hədəfləri olmadan daha çox “təhsil almaq lazımdır” formatında olaraq kütlədən seçilməmək üçün valideynlərin istiqamətləndirməsi ilə formalaşır. Təhsilin yüksək pillələrində isə motivasiya daha konkretdir və bu motivasiyanı tətikləyən əsas amil də karyera pilləsində yüksəlmək və onunla bağlı digər məsələlərdir. Bu da öz növbəsində həmin şəxslər üçün təhsil almaq və bu istiqamətdə mümkün olan daha qısa zamanda nəticələr əldə etmək üçün güclü motivasiya rolunu oynayır. Onlayn təhsil sisteminin yaratdığı dərslərə istənilən zamanda və məkanda qatıla bilmək imkanları isə təhsildə zaman və məkan anlayışlarının öz gücünü itirməsinə səbəb olur. Bu xüsusilə işləyən, sağlamlıq və ya ailə vəziyyətinə görə dərslərə qatıla bilməyən, həmçinin, tədris ocaqlarından uzaq məsafədə yaşayan şəxslər üçün əlverişlidir. Bu baxımdan, hədəf kütləsinə uyğun olaraq fərqli yanaşmalardan, formatdan və metodologiyadan istifadə edilməlidir. Misal üçün uşaqlara dərslər daha interaktiv, müxtəlif oyunlar və rəngli şəkillər vasitəsilə, eyni zamanda, daha sabit rejimli, yəni, uşaqların konkret vaxtlarda dərslərdə iştirak etməsini şərtləndirən bir sistemlə keçirilməlidir.Məsuliyyətini dərk edə biləcək yaşda olan böyük kütləyə isə həm proqram, həm zaman baxımından fərdi seçimlərə uyğunlaşdırıla bilən (flexible) formatda təşkil oluna bilər.

Sərbəst rejimli təhsil sisteminin tətbiqində çağırış olaraq adlandıra biləcəyimiz digər məqam davamlılığın təmin olunmamasıdır. Belə ki, bir çox insan prokrastinasiyaya (işləri təxirə salaraq sonraya saxlamaq vərdişi) meyllidir. Gündəlik öyrənilməli material və tapşırıqları ya sistemsiz şəkildə ya da ən son ana saxlayaraq yerinə yetirirlər. Bu da davamlılığın təmin olunmasında problemlər yaradaraq həm doğru vərdişlərin fomalaşmasına mane olur, həm də beynin qeyri-bərabər yüklənməsinə səbəb olur. Ənənəvi təhsil sistemində dərslərdə iştirak etmədikdə qaiblərin yazılması,konkret vaxtlarda dərs və imtahanların təşkili tələbələr üçün rejimin formalaşmasına və məsuliyyət hissinin daha güclü olmasına yardım edirdi. Lakin müasir dünyada təhsil bir məcburiyyət deyil bir seçim olaraq qiymətləndirilir. Bu baxımdan insanlar özləri öz məsuliyyətlərini müəyyənləşdirməli və buna uyğun gündəlik rejimlərini qurmalıdırlar. Məhz, bu səbəbdən, modern təhsil sistemində ən önəmli məqam motivasiyadır. Düzgün motivasiya və hədəflərin müəyyənləşdirilməsi prokrastinasiya problemini də aradan qaldıracaq.

Yeni texnologiyaların təhsil sisteminə tətbiqində digər önəmli məqam dövlətin təhsil sisteminə inteqrasiyanın təşkilidir. Müxtəlif qaydaların, metodologiyaların hazırlanması və ümumi təhsil sisteminə tətbiqi müəyyən zaman və müşahidələr tələb edir. Bu baxımdan pilot layihələr şəklində keçidin həyata keçirilməsi ən optimal həll yolu olaraq qiymətləndirilə bilər. Eyni zamanda, vətəndaşların təhsil sistemi ilə bağlı ənənəvi düşüncə tərzinin dəyişdirilməsində önəmli addım ictimai məlumatlılığın artırılmasıdır. Yeniliklər və onların yaratdığı imkanlar barədə marifləndirici layihələrin təşkili təhsil sisteminin modernləşdirilməsinə keçidi daha yumşaq və keyfiyyətli şəkildə həyata keçirməyə imkan verəcək.

Azərbaycanda cari vəziyyətə nəzər yetirdikdə qeyd etmək olar ki, təhsilin rəqəmsallaşması, müxtəlif texnoloji yeniliklərin tətbiqi, eyni zamanda, distant təhsil bəzi üniversitetlərdə artıq mövcud idi. Ən çox rəqəmsallaşmış universitet olaraq ADA universitetini ilk başda qeyd etmək olar. Bu universitetdə daxili “e-mail” sistemi, bulud sistemi ilə çalışan onlayn kitabxana, tələbələr üçün onlayn forumlar, test və imtahanların təşkili, ev tapşırıqlarının təhvilinin elektronlaşdırılması təmin edilib. Bundan başqa, ənənəvi tədris prosesinə interaktiv metodların tətbiqi, “ağıllı” lövhələrin istifadəsi, audio-video materialların nümayişi əlavə olunub.

Pandemiya dövrü və onun tələbləri isə təhsilin rəqəmsallaşmasında əlavə təkan rolunu oynadı. Texnoloji inkişafı və kadrların bu istiqamətdə hazırlılığı ADA Universitetinə qısa zamanda dərslərini bütünlüklə onlayn formata keçirməsinə yardım etdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də mövcud olan texniki baza (unibook- təhsilin elektron informasiya sistemi və “AZİİ e kitab evi” elektron kitabxana) pandemiya dövründə tədris prosesini dayandırmadan onlayn formada davam etməsinə, imtahanların da elektron formada keçirilməsinə yardım etdi.

UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti) də pandemiya dövründə rəqəmsallaşmaya gedən yolda boşluqlar müəyyənləşdirildi və struktur islahatları həyata keçirildi. Nəticədə Rəqəmsal İqtisadiyyat fakültəsi, Distant Təhsil Tədqiqat İnstitutu, Rəqəmsal Könüllülər Təşkilatı yaradıldı.

Ölkəmizin vətəndaşlarının əksəriyyətinin yeniliklərə açıq düşüncə tərzi, sürətlə inkişaf etməyə meyilli olmasını nəzərə alaraq Azərbaycanda təhsil siteminin modernləşdirilməsi universitetlərin texnoloji baxımdan təkmilləşməsi təşəbbüsləri və paralel olaraq müvafiq ictimai təbliğatların aparılması fonunda qısa müddətdə və uğurla həyata keçirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu