Şuşada türk məktəbinin açılması Azərbaycana nə verəcək? – Təhsil eksperti


"Azərbaycan-Türkiyə birgə məktəbinin yaradılması ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər”.



Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Türkiyənin Şuşa şəhərində tikəcəyi məktəbin layihəsindən danışarkən deyib. Onun fikrincə, bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Şuşada məktəb açması olduqca müsbət bir addımdır:"Müasir beynəlxalq əlaqələrdə təhsil sisteminin güclü rolu var. Bu nöqteyi-nəzərdən Türkiyənin Şuşada məktəb açması Azərbaycanda yeni təhsil mühiti yaradacaq. Digər tərəfdən isə Türkiyə universitetlərinin özəl məktəblərinin əksəriyyəti dünya reytinqində qabaqcıl yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycan və Türkiyə arasında kifayət qədər çoxistiqamətli müqavilələr bağlanılıb və Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var”.

Kamran Əsədov hesab edir ki, bu kimi layihələr xarici ölkə təcrübələrinin Azərbaycana gəlməsinə şərait yaradacaq: "Türk məktəbinin Qarabağda olması həm də simvolik olaraq müsbət xarakterizə olunur”.

Qeyd edək ki, Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşa şəhərində tikiləcək məktəbin layihəsini təqdim edib. Partiya sədri həmin məktəb layihəsinin tikintisinə Azərbaycan tərəfinin də razılıq verdiyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu