Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. [b][/b]
AFN xəbər verir ki, sərəncam açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır.
Sərəncamla mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməli, Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etməli və bu barədə məlumatı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərməlidirlər.
Nazirlər Kabinetinə tapşırılıb və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Milli Məclisə, Ali Məhkəməyə, Baş Prokurorluğa, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunub ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin, Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.