Çin koronavirusa görə ABŞ-i ittiham edib
Çin ABŞ-ı əsassız yerə təşviş yaratmaqda ittiham edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Hua Çunin bu gün keçirdiyi brifinqdə səsləndirib.
“Epidemiya başlayandan bir çox ölkələr Çinə yardım və dəstək olub. Biz həmin dövlətlərə minnətdarıq. Ancaq ABŞ nəinki Çinə əhəmiyyətli yardım göstərib, əksinə, ən birinci bu ölkə Uhandan konsulluq əməkdaşlarını evakuasiya edib, ilk növbədə onlar səfirlik nümayəndələrinin bir hissəsini çıxartmaq niyyətlərini açıqlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının Çinlə gediş-gəliş və ticarətin dayandırılmasını tətbiq etməmək barədə tövsiyəsinə baxmayaraq, ən birinci onlar Çin vətəndaşlarını ABŞ-a buraxmamağı bəyan ediblər”, - o qeyd edib.
Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i ötüb.