ÜST: Dünyada koronavirusa daha 82 min nəfər yoluxub
Dünyada koronavirusa yoluxanların sayı 4,09 milyon nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, son bir gün ərzində dünyada koronavirusa daha 82 min yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 283 min nəfəri ötüb.
Qeyd edilir ki, ayrı-ayrı qitələrdə koronavirusa ümumilikdə 4 088 848 yoluxma, 283 153 ölüm qeydə alınıb. Son bir gün COVID-19-dan ölənlərin sayı daha 4 261 nəfər artıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm Avropada qeydə alınıb. Köhnə qitədə yeni virusa 1 755 790 nəfər yoluxub, COVID-19-dan 157 880 insan ölüb. Son 24 saatda virusa yoluxanların sayı 24 184 nəfər, ölənlər 1 277 nəfər artıb.
Şimali və Cənubi Amerikada koronavirusa ümumilikdə 1 743 717 insan yoluxub, 104 549 nəfər ölüb. Qitə son bir gün ərzində koronavirusa yoluxanların və ölənlərin sayına görə Avropanı üstələyib. Amerika qitəsində COVID-19-a daha 41 266 nəfər yoluxub, 2 675 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.