“Azərbaycan həddindən çox silah-sursat yığıb” - Koçaryan müharibədən çəkinir
“Bu gün Ermənistanda siyasi subyektivliyi olmayan bir necə texnokrat nazir istisna olmaqla, hökumət və parlament çoxluğunun əsasını ABŞ-ın qrantları ilə qidalanan insanlar təşkil edir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Ermənistanın həbsdə olan sabiq Prezidenti Robert Koçaryan “Sputnik Ermənistan”a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, hakimiyyətə media dəstəyini yalnız qərbyönümlü KİV verir ki, onun da ön sırasında da “Azadlıq” radiosu (“Azatutyun”) gəlir:
“Bütün hökumətyönümlü partiyalar, siyasətçilər və qeyri-hökumət təşkilatları açıq şəkildə antirus yönümlüdürlər və ümumiyyətlə, Qərbdən maliyyə dəstəyi görürlər.
Baş Nazir Nikol Paşinyan və terrorçu “nüfuzu” olan bir partiya (2016-cı ilin yayında Ermənistanda polis alayını ələ keçirən eyni silahlı qrupun üzvləri tərəfindən qurulmuş “Sasna Tsrer” partiyasını nəzərdə tutur -red.) Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını fəal şəkildə dəstəkləyir.
Faktiki olaraq, Baş Naziri dəstəkləyən bütün siyasi baza açıq şəkildə qərbyönümlüdür. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığı dəstəkləyən partiyalar və siyasətçilər hazırkı hökuməti dəstəkləmir və tamamilə etibar etmirlər.
Hər kəs inanır ki, Rusiyanın enerji mənbələrindən və bazardan asılılıqla üzləşən hakimiyyətin qərbyönümlü siyasi görüşləri merkantil praqmatizmə çevrilir. Mənzərə həqiqətən paradoksaldır və hakim elitanın “geosiyasi parçalanması”nın nə qədər davam etməsi mövcud şəraitdən asılı olacaq. Hökümətə olan bütün xarici etimad mənbəyi inanclar və əməli hərəkətlər arasındakı qarşıdurmanı maskalayan manevrlərin açıq-aşkar izahlarına sərf olunur. Nəticədə, Ermənistan konseptual inkişaf proqramları olmadan bir günlük narahatlıq, boş şüarlar və məsh olunmuş xarici siyasət rəhbərliyi şəraitində yaşayır”, - deyə Koçaryan bildirib.
Eks-Prezident Ermənistan tərəfinin kobud səhvlərinə görə Qarabağla bağlı danışıqlarda rəsmi Yerevanın mövqeyinin zəiflədiyini də etiraf edib:
“Baş Nazirin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi danışıqların xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşmasına, bizim üçün dövlətlərin ərazi bütövlüyünün arzuolunmaz müstəvisinə aparıb.
Paşinyan və Əliyevin lift əlaqələri əslində bizim üçün çox vacib olan və Vyana, Sankt-Peterburqda əldə olunan razılaşmaları ləğv etdi.
Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları, nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradır. Üstəlik, mövqeyimizi bu cür qəbul etmək artıq ictimai sferada vasitəçilərin qiymətləndirmələri çərçivəsindən kənara çıxıb”, - deyə o, bildirib.
Koçaryan qeyd edib ki, Azərbaycan tərəfinin son zamanlar Türkiyə ilə münasibətlərini daha da gücləndirməsi Qarabağ münaqişəsinin həllinə təhlükə yaradır. Onun sözlərinə görə, dünya ictimaiyyəti qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün ehtiyatlarını nəzərəçarpacaq dərəcədə azaltdığı üçün atəşkəs potensialı da azalıb:
“Həm də bunu dərk etməliyik ki, müharibə vəziyyətində onun miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərlə müqayisədə daha çətin olacaq. Azərbaycan həddindən çox silah-sursat yığıb. Bəlkə, hökumət bunun fərqinə varar və müharibə haqqında heç bir təsəvvürü olmayan feysbukdakı tərəfdarlarına məsuliyyət hissini aşılayar.
Ağ və qaraya bölünmüş Ermənistan pis ssenarilərə hazırdır? Ölkənin təhlükəsizliyi nəinki silahlı qüvvələrin döyüş hazırlığı, silahların keyfiyyəti və miqdarından asılıdır. Milli vəzifələr ətrafında ictimai əhval-ruhiyyə və konsensus da vacib amillərdir.
Qarabağ və Ermənistanın hakim elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, keçmiş generalların alçaldılması, həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik cəmiyyətin vətənpərvərlik ruhuna son dərəcə təhlükəli hərəkətlərdir”.
Xatırladaq ki, R. Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda təqsirləndirilir. 2018-ci ildə 2 dəfə həbs edilib sərbəst buraxılan eks-Prezident 2019-cu ilin iyununda yenidən tutulub.
Ötən gün Yerevanın ümumi yurisdiksiya məhkəməsi keçirilən iclasda onun həbsdə qalmasına qərar verib.