Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri belə susdurdu - VİDEO
ABŞ-da yaşayan @herstory.az bloqun yaradıcısı Arzu Cahid Kaliforniya ştatında Middlebury Institute of International Studies İnstitutunda mühazirə ilə çıxış edən tanınmış ekspert, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Pozneri kəskin tənqid edib.
APA-nın məlumatına görə, V. Pozner çıxışında Qarabağın ermənilərə məxsus olduğunu bildirib.
A.Cahid isə Qarabağın Azərbaycan torpağı olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıqla yaşadığını, söz azadlığının nifrət dolu fikirlər yaymaq olmadığını qeyd edib.
Görüşlə bağlı APA-ya açıqlama verən bloger bildirib ki, V. Pozner "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir" dediyi zaman onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi olduğunu qeyd edib:
"Pozner mənim sözümü yarımçıq kəsmək istəsə də, fikrimi sona qədər səsləndirdim. Mən Qarabağın Azərbaycan torpağı olduğunu, qarabağlı olduğumu bildirdim. Mən onun diqqətinə çatdırdım ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri də var. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Mən ona bildirdim ki, siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrı-seçkilik edirsiniz. Sual verdim ki, “Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?". Ancaq o, sualdan yayınmağa çalışdı və Qarabağ mövzusunun auditoriyaya maraqlı olmadığını bildirdi”.
A. Cahid qeyd edib ki, mühazirəni dinləyənlər siyasi arenada olan şəxslər, müasir siyasətdən anlayışı olan tələbə və müəllimlər olub: “Görüşdən sonra mühazirədə iştirak edənlər mənə yaxınlaşaraq Poznerin səhv dediyini, Qarabağ münaqişəsi barədə məlumatları olduqlarını bildirdilər və mənə dəstək oldular. Bu mühazirədə savadlı Pozneri görə bilmədim. O, Sovet İttifaqı ilə bağlı "çürük" fikirləri, maraqsız mühazirəsi isə yadda qaldı. Ən əsası onun Qarabağ haqqında heç bir anlayışı olmadığını gördüm".