“Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır” - İnam Kərimov




Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.



Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Təqdimatdan öncə finala çıxan 12 aqrar startapın yekun qiymətləndirilməsi həyata keçirilib və finalçılar müəyyənləşdirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün sahələrdə innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir: “Bəşəriyyət bugünkü inkişaf səviyyəsinə çatması məhz tarix boyu yeni kəşflərin, ixtiralaların və innovasiyaların tətbiqi nəticəsində ərsəyə gəlib. Aqrar sahə də daim bu yeniliklərin və kəşflərin mərkəzində olub. Tam əminliklə demək olar ki, kənd təsərrüfatı bəşəriyyətin elə ilk innovasiyası olub”.

Daha sonra “AgroX” İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulub, aqrar startaplar arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb. Qalib gələn aqrar startapların qısa müddətli təqdimatı olub. Təqdimatdan sonra qaliblər və müsabiqədə fərqlənənlərin mükafatlandırılması mərasimi keçirilib.

Xatırladaq ki, may ayından start götürmüş “AgroX” innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub.

Qeyd edək ki, “Agro-X” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu