Sabah AŞPA-da Qarabağ müzakirəsi olacaq
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.
Sessiyada Assambleyanın Bürosunun və Daimi Komitəsinin hesabatları, eləcə də Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri dinləniləcək. İdmanda nifrətə qızışdırıcı söz və aktların qarşısının alınması və bu istiqamətdə siyasi liderlərin rolu, Avropa Şurasında büdcə böhranı, BMT ilə əməkdaşlığın möhkəmləndirilməsi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair müzakirələr aparılacaq.
Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Finlandiyanın xarici işlər naziri Timo Soininin çıxışı, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin illik hesabatı dinləniləcək. Mərakeş parlamenti ilə əməkdaşlıq, cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına dair beynəlxalq mübarizədə yeni çağırışlar, sosial media, ictimai mövzular və insan hüquqları üçün təhdidlər kimi mövzularla bağlı fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində aprelin 9-da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və AŞPA yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir keçiriləcək.
Səməd Seyidov deyib ki, son zamanlar Azərbaycan da daxil olmaqla, bu kimi iclas və konfranslar müxtəlif yerlərdə keçirilir: “Bu yaxınlarda Almaniyada da keçirilmişdi. İndi Avropa Şurasında bunu təşkil etməyə hazırlaşırıq.
Xarici ictimaiyyət bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən hər hansı fəaliyyət qeyri-qanunidir. Təbii ki, bunu Avropa Şurasının üzvlərinə də çatdıracağıq.
Ümumiyyətlə, nümayəndə heyətimizin üzvləri müxtəlif məsələlərlə bağlı çıxış etməyə hazırlaşırlar.
Bildiyiniz kimi, müxtəlif məsələlərlə bağlı həm monitorinq, həm də insan haqları komitəsinin birgə təşkil etdiyi dinləmələr olacaq. Biz orada çıxış edəcəyik”.(virtualaz.org)