Aİ Komissiyasından "Google"a 890 milyon avro cərimə



Avropa İttifaqı (Aİ) Komissiyası "Google"un Rəqəmsal Bazarlar Haqqında Qanunu iki fərqli sahədə pozduğunu müəyyən etdikdən sonra şirkətə ümumilikdə 890 milyon avro məbləğində pul cəriməsi kəsib.

AFN.az xəbər verir ki, Aİ Komissiyasının yaydığı açıqlamaya görə, "Google" Axtarış sistemində öz xidmətlərinə üstünlük verməsi və "Google Play"də müəssisələrin istehlakçıları alternativ və çox vaxt daha ucuz satınalma kanallarına yönləndirməsinə mane olması səbəbindən Rəqəmsal Bazarlar Haqqında Qanunu pozub.

Bu çərçivədə Komissiya "Google"a birinci qayda pozuntusuna görə 460 milyon avro, ikinci qayda pozuntusuna görə isə 430 milyon avro olmaqla ümumilikdə 890 milyon avro cərimə tətbiq edib.

Aİ Komissiyası kəsilən pul cərimələrinin pozuntuların "ciddiliyi və müddəti" nəzərə alınaraq müəyyənləşdirildiyini bəyan edib.

Komissiya həmçinin "Google"dan sözügedən qayda pozuntularını dayandırmağı tələb edib.

Buna əsasən, "Google" Axtarış nəticələrində üçüncü tərəf xidmətlərinə öz xidmətləri ilə bərabər, ədalətli və ayrı-seçkilik qoyulmadan yanaşmalı, "Google Play" üzərindən tətbiq paylayan tərtibatçıların istifadəçilərlə mağaza daxilində və xaricində sərbəst şəkildə əlaqə saxlamasına və müqavilə bağlamasına texniki və hüquqi olaraq şərait yaratmalıdır.

"Google" Komissiyanın qərarlarına 60 gün ərzində əməl etməlidir.

Əks halda şirkət qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik cərimə olunma riski ilə üz-üzə qala bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu