Epşteyn əlaqələri səbəbilə axtarılan fransız model agentliyi nümayəndəsi Parisdə ölü tapıldı
ABŞ-lı cinsi cinayətkar Ceffri Epşteyn (Jeffrey Epstein) ilə əlaqələri olan fransız model agentliyinin nümayəndəsi Daniel Siad Paris yaxınlığındakı evində ölü tapılıb.
AFN.az xəbər verir ki, 69 yaşlı Siad bazar ertəsi günü Parisin şimal-qərbindəki Kolomb (Colombes) bölgəsində yerləşən evində cansız halda aşkar olunub.
Nanter Prokurorluğu ölüm səbəbinin müəyyənləşdirilməsi üçün təhqiqat başladıldığını və meyyitin yarılacağını (otopsiya) bəyan edib.
Siadın adı ABŞ hökuməti tərəfindən açıqlanan Epşteyn fayllarında minlərlə dəfə hallanırdı.
Siad isə Epşteynin yaratdığı təhlükədən və ya qanunsuz əməllərindən xəbərsiz olduğunu iddia etmişdi.
Paris Prokurorluğu fevral ayında başladılan təhqiqatla bağlı tənqidlərə cavab verərək Siadın saxlanılması üçün kifayət qədər sübut olmadığını müdafiə edib.
Edilən açıqlamada mütəşəkkil insan alveri və cinayət törətmək üçün dəstə yaratmaq ittihamlarını əhatə edən təhqiqatın Siad barəsindəki məhkəmə prosesinin başa çatmasına baxmayaraq, digər ehtimal olunan təqsirkarların müəyyən edilməsi məqsədilə davam etdiriləcəyi bildirilib.
Açıqlamada həmçinin Siadın telefon dinləmələri də daxil olmaqla xüsusi istintaq üsulları ilə izlənildiyi, lakin dərhal həbs olunmasını əsaslandıracaq səviyyədə sübuta rast gəlinmədiyi ifadə olunub.
Siadın vəkili Menya Arab-Tiqrin (Menya Arab-Tigrine) verdiyi bəyanatda hüquqlarını müdafiə etdiyi şəxsin heç vaxt rəsmi olaraq ittiham olunmadığını və təqsirsiz olaraq vəfat etdiyini qeyd edib.
Fransada haqqında təcavüz də daxil olmaqla çoxlu sayda şikayət olan Siadın ölümü zərərçəkənlərin vəkilləri və qurbanlar tərəfindən etirazla qarşılanıb.
Epşteyn qurbanlarından biri Siadın onu Epşteynlə tanış etdiyini və peşəkar insan alverçisi kimi hərəkət etdiyini dilləndirib.
Siadı ittiham edən altı qadını təmsil edən vəkil Ann-Kler Le Jön (Anne-Claire Le Jeune) ilə digər zərərçəkən vəkilləri təhqiqatın ləng getməsi səbəbindən Siad dindirilmədən həyatını itirdiyi üçün hüquqlarını müdafiə etdikləri şəxslərin ədalət axtarışından məhrum qaldıqlarını bildiriblər.
Polisə ifadə verən keçmiş model isə Siadın ölümü ilə Epşteyn şəbəkəsinə dair malik ola biləcəyi mühüm məlumatların da itdiyini vurğulayıb.
Epşteyn təhqiqatının digər mühüm fiqurlarından olan fransız model agenti Jan-Lük Brünel (Jean-Luc Brunel) də 2022-ci ildə Parisdəki həbsxana kamerasında ölü tapılmışdı.
Həddi-büluğa çatmayan qız uşaqlarına qarşı cinsi istismar və insan alveri ittihamları ilə həbsdə mühakimə olunan Brünel haqqındakı iddiaları rədd etmişdi.
Ceffri Epşteyn isə 2019-cu ildə Nyu-Yorkdakı kamerasında ölü tapılmışdı.

