İran mətbuatı Trampın hədəsindən sonra Körfəzdəki mühüm enerji stansiyalarının siyahısını dərc etdi



ABŞ Prezidenti Donald Trampın Tehran rəhbərliyini enerji və infrastruktur obyektlərini hədəf almaqla hədələməsindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Fars" Xəbər Agentliyi ABŞ-ın Körfəz bölgəsindəki hərbi bazalarını elektrik enerjisi ilə təmin edən stansiyaların siyahısını yayımlayıb.

AFN.az xəbər verir ki, "Fars" Xəbər Agentliyində dərc olunan və sözügedən siyahının da yer aldığı təhlil məqaləsində Körfəzdəki ABŞ ordusunun hərbi bazalarının yerləşdiyi ölkələrin elektrik şəbəkələrindən asılı olduğu bildirilib və bunun "qarşılıqlı strateji asılılıq" yaratdığı ifadə edilib.

Trampın İranı "enerji və infrastruktur obyektlərini hədəf almaqla" hədələyən sözlərindən sonra dərc edilən siyahıda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Səudiyyə Ərəbistanındakı mühüm elektrik stansiyalarına yer verilib.

Xəbərdə BƏƏ-nin paytaxtı Əbu-Dabidəki "Əl-Təvilə" Elektrik Stansiyasının 6 min meqavatlıq istehsal gücü ilə ölkənin elektrik ehtiyacının təxminən 12 faizini ödədiyni və ABŞ-ın "Əl-Dəfra" Hərbi Hava Bazasına enerji təmin etdiyi iddia olunub.

"Əl-Təvilə" stansiyasında baş verə biləcək kəsintinin ABŞ bazasının əməliyyat imkanlarına birbaşa təsir göstərə biləcəyi vurğulanıb.

Dubay Elektrik və Su İdarəsinə (DEWA) tabe olan stansiyaların isə 9 min 650 meqavatlıq güclə Dubayın elektrik ehtiyacının təxminən 85 faizini qarşıladığı, bu obyektlərin "Əl-Minhad" Hərbi Bazasının əsas enerji mənbəyi olduğu və olası kəsintinin bazanın fəaliyyətlərini axsadacağı iddia edilib.

Xəbərdə həmçinin Qətərdəki "Ras Laffan" Elektrik Stansiyasının 4 min 511 meqavat istehsal gücü ilə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası olan "Əl-Udeyd" Hərbi Hava Bazasına enerji verdiyi diqqətə çatdırılıb.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı 9 min 636 meqavat gücündəki elektrik stansiyasının da "Şahzadə Sultan" Hərbi Hava Bazasının enerji ehtiyacını ödədiyni, bu infrastrukturdakı qeyri-sabitliyin bazanın əməliyyat təhlükəsizliyini riske ata biləcəyi iddia olunub.

BƏƏ, Qətər və Səudiyyə Ərəbistanındakı sözügedən enerji obyektlərinin yalnız mülki infrastrukturun deyil, eyni zamanda ABŞ-ın bölgədəki hərbi varlığının da kritik unsurları olduğu qeyd edilən xəbərdə bu obyektlərin İranın enerji infrastrukturuna qarşı ehtimal olunan hücumlar zamanı "qarşılıqlı çəkindiricilik" çərçivəsində qiymətləndirildiyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərin keçidinə müdaxilə edəcəyi təqdirdə ABŞ qüvvələrinin ölkənin enerji obyektlərinə və infrastrukturuna hücumlar təşkil edəcəyini bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu