Hindistanda daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həlak olub
Hindistanın şimalında yerləşən Cammu və Kəşmir bölgəsində leysan yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri faciə ilə nəticələnib. Təbii fəlakət nəticəsində azı 17 nəfər həyatını itirib, daha 6 nəfərin taleyi isə naməlum olaraq qalır.
AFN.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri Dövlət Fövqəladə Hallara Cavab Qüvvələrinin (SDRF) məlumatına istinadən yazıb.
Məlumata görə, musson yağışlarının törətdiyi fəsadlar Punç və Racouri rayonlarında bir sıra yaşayış evlərinin dağılmasına səbəb olub. Hazırda hadisə bölgəsində xilasedicilərlə yanaşı, hərbçilərin də iştirakı ilə axtarış-xilasetmə işləri davam etdirilir.
Güclü yağıntılar ölkənin strateji magistrallarından sayılan Cammu–Srinagar avtomobil yolunda nəqliyyatın hərəkətini iflic edib. Eyni zamanda, bölgədə keçirilən zəvvar yürüşləri təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb.
Tavi və Çenab çaylarında suyun səviyyəsinin kəskin yüksələrək məcradan çıxması, eləcə də yağışların yaxın günlərdə də davam edəcəyi proqnozu səbəbindən yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

