Starmer rəsmən istefa verdi



Böyük Britaniyanın Baş naziri Keyr Starmer istifasını ölkə Kralı III Çarlza rəsmən çatdıraraq baş nazir vəzifəsindən ayrılıb.

AFN.az xəbər verir ki, Bukingem Sarayından verilən yazılı açıqlamada cənab Keyr Starmerın bu səhər Kral III Çarlz tərəfindən qəbul edildiyi, Baş nazirlik və Xəzinədarlığın Birinci Lordu vəzifələrindən istifasını təqdim etdiyi və Kralın da bu istifanı qəbul etdiyi bildirilib.

Baş nazirlik ofisinin yerləşdiyi Dauninq-strit 10 ünvanında bəzi kabinet üzvləri və tərəfdarlarının alqışları ilə qarşılanan Starmer Kral III Çarlza rəsmi istifasını bildirməzdən əvvəl jurnalistlərə bəyanatla çıxış edib.

O, bir azdan Kralı ziyarət edərək istifasını təqdim edəcəyini və Baş nazir kimi fəaliyyət göstərdiyi dövrü rəsmən başa vuracağını deyərək öz missiyasının tamamlandığını vurğulayıb.

Rəhbərlik etdiyi Leyboristlər Partiyasını 2019-cu ildəki məğlubiyyətdən sonra yenidən ayağa qaldırdığını xatırladan Starmer 2024-cü il ümumi seçkilərində böyük bir qələbə qazandıqlarını qeyd edib.

O, həmin gündən bəri bu böyük ölkəyə Baş nazir kimi xidmət etməyin həyatının ən böyük şərəfi olduğunu, Britaniyanın bu gün 2 il əvvəllə müqayisədə daha güclü və daha ədalətli bir ölkə olduğuna ürəkdən inandığını bildirib.

İqtisadiyyatın gücləndiyini, ictimai xidmətlərin yaxşılaşdığını, səhiyyə sistemində gözləmə müddətlərində əhəmiyyətli dərəcədə azalma qeydə alındığını dilə gətirən Starmer hər gün daha çox uşağın yoxsulluqdan xilas edildiyini, miqrasiyanın ciddi şəkildə azaldığını, müdafiə və təhlükəsizlik sahəsindəki mövqelərinin daha da möhkəmləndiyini, eyni zamanda beynəlxalq nüfuzlarının əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayıb.

Ölkənin ən gözəl tərəflərinə ən ön sıralardan şahidlik etmək imtiyazına böyük dəyər verdiyini ifadə edən Starmer bu gün düşmənlərin sahib olduqları dəyərlərə, azadlığa, nəzakətə və Ukraynanın cəsur xalqına verilən sarsılmaz dəstəyə qarşı ölkəni bölmək üçün əllərindən gələni edəcəkləri bir dünya ilə qarşı-qarşıya olduqlarını, belə hücumlar qarşısında Britaniyanın böyüklüyünü unutmamağın həyati əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Vəzifəni təhvil verdiyi Endi Bernemə uğurlar arzulayan və ona tam dəstək verdiyini qeyd edən Starmer vəzifəsindən könül rahatlığı ilə ayrıldığını, üzündə bir təbəssümlə vida etdiyini və birlikdə əldə etdikləri hər şeydən böyük qürur duyduğunu dilə gətirib.

İqtisadiyyat, Ceffri Epşteyn ilə əlaqəsi olan Piter Mandelsonun Vaşinqtona səfir təyin edilməsi və may ayındakı yerli seçki məğlubiyyəti səbəbindən ciddi tənqidlərə məruz qalan və vəzifəni buraxmağa çağrılan Starmer üzərindəki istefa təzyiqi 18 iyunda keçirilən Meykerfild aralıq seçkilərində Mançester meri Endi Bernemin deputat seçilməsindən sonra daha da artmışdı.

Partiya və kabinet daxilindəki şəxslərin yeni lider olaraq görmək istədiyi Bernemin parlamentə girmək hüququ qazanmasından 4 gün sonra mətbuat qarşısına çıxan Starmer partiyasının növbəti seçkilərə fərqli bir liderlə getmək istədiyini bəyan edərək Leyboristlər Partiyasının liderliyindən istifa etmişdi.

O, yeni lider seçilənə qədər baş nazir vəzifəsini icra edəcəyini qeyd edərək partiyaya seçim prosesini 9 iyulda başlatmaq talimatı vermişdi.

Leyboristlər Partiyası isə 17 iyulda seçkilərə tək namizəd kimi qatılan Meykerfild deputatı Endi Bernemin yeni lider olduğunu elan etmişdi.

Bernem Starmerın istifasının ardından Kral III Çarlz tərəfindən qəbul ediləcək və yeni kabineti qurmaqla vəzifələndiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu