Peruda baş verən zəlzələdə ölənlərin sayı 6-ya yüksəlib



Perunun Sikaya şəhərində qeydə alınan 5,5 gücündə zəlzələ nəticəsində 6 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.

AFN.az xəbər verir ki, ABŞ Geologiya Araşdırmaları Mərkəzi (USGS) yeraltı təkanların mərkəzinin Sikaya şəhərindən 2 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

Qurum zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirib.

Təbii fəlakət nəticəsində Xunin şəhərindəki səhiyyə müəssisələrindən birinin infrastrukturuna ziyan dəyib, həmçinin El Karmen Regional Mamalıq, Ginekologiya və Uşaq Xəstəxanasında dağıntılar qeydə alınıb. Xəstəxananın uşaq intensiv terapiya şöbəsində çatlar yarandığı bildirilir.

Milli Fövqəladə Hallar Əməliyyat Komitəsi (COEN) zəlzələdən sonra təkanların təsir etdiyi bir çox rayonda elektrik enerjisinin kəsildiyini elan edib.

Zəlzələ paytaxt Lima ilə yanaşı, Uankayo şəhərində də hiss olunub. Sosial şəbəkələrdə paylaşım edən çox sayda Peru vətəndaşı olduqca güclü təkan hiss etdiklərini vurğulayıblar, bəzi insanların isə təhlükəsizlik məqsədilə ev və binalardan təxliyə edildiyi bildirilib.

Milli Mülki Müdafiə İnstitutundan verilən açıqlamada hadisə nəticəsində ölənlərin sayının 6-ya, yaralıların sayının isə 32-yə yüksəldiyi diqqətə çatdırılıb.

Sənəddə Çonqos Baxo rayonunda evlər, səhiyyə ocaqları, elektrik ötürücü xətləri və turizm infrastrukturuna ziyan dəydiyi ifadə edilib.

Peru səhiyyə nazirinin müavini Henri Rebaza "Canal N" televiziyasına verdiyi açıqlamada yaralanan 32 nəfərdən 26-sının müalicədən sonra evə buraxıldığını, 6 nəfərin isə xəstəxanada həkim nəzarətində saxlanıldığını deyib.

Bölgədə çox sayda tikilinin zərər gördüyünü bildirən Rebaza Çupakada həkim, tibb bacısı və yerli təcili müdaxilə qruplarından ibarət təxminən 100 tibbi personalın fəaliyyət göstərdiyini, həmçinin əraziyə əlavə mütəxəssislər və mobil xəstəxananın göndərildiyini qeyd edib.

Bütün bölgələrin yaxından izlənildiyini vurğulayan Rebaza əhali sağlamlığının onlar üçün ən vacib məsələ olduğunu, bununla yanaşı maddi ziyanı da anlıq olaraq təqib etdiklərini bildirib.

Xatırladaq ki, Perunun Sikaya şəhərində baş verən 5,5 gücündə zəlzələdə ilkin məlumatlara görə 1 nəfər həyatını itirmiş, 10 nəfər isə yaralanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu