ABŞ ordusu İrana qarşı 9-cu hücum dalğasını tamamladığını elan edib



ABŞ ordusunun İranın Hörmüz boğazındakı hücum potensialını zəiflətmək məqsədilə başlatdığı 9-cu hücum dalğasının tamamlandığı bildirilib.

AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabı vasitəsilə İrana təşkil edilən son hücumla bağlı bəyanat yayıb.

Açıqlamada İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə və mülki dənizçilərə qarşı hücum imkanlarını zəiflətməyə yönəlmiş 9-cu hava hücumu dalğasının uğurla başa çatdığı qeyd olunub.

İranın hərbi potensialının zəiflədilməsi prosesinin davam etdiriləcəyi vurğulanan bəyanatda, CENTCOM qüvvələrinin bölgədə hər an tapşırıqları icra etməyə hazır vəziyyətdə olduğu diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, ABŞ hücumlarının 9-cu gecəsində İranın hərbi komandanlıq mərkəzləri, rabitə şəbəkələri, sahilyanı müşahidə və hava hücumundan müdafiə obyektləri, hərbi dəniz qüvvələri, eləcə də raket və pilotsuz uçuş aparatı bazaları vurulub.

Qeyd edək ki, ABŞ gecə boyu İranın müxtəlif nöqtələrinə zərbələr endirib.

Şərqi Azərbaycan Regional Valiliyi ABŞ-nin yerli vaxtla saat 02:35-də Təbrizin şərqini hədəf aldığını və hücum nəticəsində 1 nəfərin həyatını itirdiyini açıqlayıb.

Qərbi Azərbaycan Regional Böhran İdarəetmə Mərkəzi isə ABŞ-nin gecə saatlarında Urmiyaya raket zərbələri endirdiyini, hücum zamanı yaralananların olduğunu bildirib.

Digər tərəfdən, ölkənin cənubunda yerləşən Buşəhr şəhəri də hücumların hədəfinə çevrilib. Buşəhr Regional Valiliyi ABŞ-nin gecə saatlarında Buşəhr şəhərinə raket hücumu təşkil etdiyini və hədəfə alınan nöqtələrdə ziyanın müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu