ABŞ İrana ardıcıl 7-ci gecədir hava zərbələri endirir



ABŞ-ın İrana yönəlmiş və ardıcıl yeddi gecədir davam edən hava bombardmanına Tehrandan cavab gəlib. 

AFN.az xəbər verir ki, İran, ABŞ-ın əməliyyatlarına cavab olaraq Bəhreyndəki Amerika hərbi obyektlərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəf aldığını açıqlayıb.

CENTCOM-un "X" hesabından edilən açıqlamada Bakı vaxtı ilə saat 23:00-da İrana qarşı ardıcıl yeddinci gecə hava zərbələrinin başladıldığı qeyd edilib. Açıqlamada bu hücumların İranın hərbi imkanlarını zəiflətməyə davam etmək məqsədi daşıdığı ifadə edilib.

ABŞ-ın yeni hücum başladığını elan etməsindən sonra İranın Hörmüzqan əyalətinin Sirik şəhərində 3 partlayış səsinin eşidildiyi bildirilib. Xuzistan Valiliyi isə ABŞ-ın Əhvaz şəhərindəki bəzi nöqtələri raketlərlə hədəf aldığını bəyan edib və məsələ ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini vurğulayıb.

Digər tərəfdən, İranın "Tesnim" agentliyi ABŞ hərbi təyyarələrinin Yəzd əyalətindəki bəzi məntəqələrə zərbələr endirdiyini və əyalət ətrafında 5 partlayış səsinin eşidildiyini xəbər verib. Bölgə sakinlərinin qırıcı təyyarələrin səslərini eşitdiyini bildirən "Tesnim" hədəf alınan nöqtələrin hələlik müəyyən edilmədiyi məlumatını paylaşıb.

Agentlik həmçinin yerli mənbələrə istinadən ABŞ-ın Fars əyalətinin Lar və Darab rayonlarına da hücum etdiyini, hər iki rayonda partlayış səslərinin eşidildiyini, lakin hücumun dəqiq hədəfi barədə məlumat verilmədiyini bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən edilən açıqlamada isə ABŞ-ın İrandakı körpülər də daxil olmaqla mülki infrastruktura təşkil etdiyi hücumların əvəzində Bəhreyndəki Amerika pilotsuz dəniz aparatları anbarının hədəf alınaraq məhv edildiyi qeyd edilib.

Hücumlar çərçivəsində ABŞ-ın hədəfləri müəyyən etmək üçün istifadə etdiyi Bəhreyndəki süni intellekt dəstəkli hədəfləmə mərkəzinin də bir neçə ballistik raket və onlarla pilotsuz uçuş aparatı ilə vurulduğu diqqətə çatdırılıb.

Açıqlamada ABŞ-ın İranın mülki infrastrukturuna hücumlarını davam etdirəcəyi təqdirdə bölgədə Amerika payı olan şirkətlərin vurulacağı ifadə edilib və İranın bölgədə ABŞ bazalarına ev sahibliyi edən ölkələri Vaşinqtonun müharibə cinayətlərinin ortaqları kimi qəbul etdiyi vurğulanıb.

Eyni zamanda İraqın Ərbil şəhərində də partlayış səsləri eşidilib. Yerli mediada şəhərə pilotsuz uçuş aparatları ilə hücumlar edildiyi və partlayışların baş verdiyi qeyd olunub. Partlayış səslərinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilən PUA-lardan, yoxsa hədəflərə dəyən zərbələrdən qaynaqlandığı barədə hələlik rəsmi məlumat verilməyib.

Qısa müddət əvvəl Süleymaniyə şəhərində də raket və kamikadze PUA ilə təşkil edilən hücumdan sonra yanğın çıxdığı bildirilmişdi.

İran rəhbərliyi İraqın Ərbil və Süleymaniyə şəhərlərində Tehran rejiminə müxalif olan iranlı kürd qrupların düşərgələrinə, həmçinin Ərbildə yerləşən ABŞ hərbi bazası və baş konsulluğuna hücumlar həyata keçirir.

Son hücumlarda Ərbilə 8 kamikadze PUA-sı atılarkən, Süleymaniyə şəhərində Tehran müxalifi olan İran Kürdüstanı İnqilabçı Zəhmətkeşlər Cəmiyyətinin (Komele) düşərgəsinə təşkil edilən raket hücumunda təşkilatın 8 üzvünün öldüyü açıqlanmışdı.

İraq Kürd Regional Rəhbərliyi hökuməti İranın Ərbil və Süleymaniyəyə yönəlmiş bu hücumlarını kəskin şəkildə qınayaraq, Tehran rəhbərliyini davam edən hücumları dərhal dayandırmağa çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu