"İtaliano Parati"nin ustaları jurnalistin evinin "oboy"unu sökdülər - ŞİKAYƏT+VİDEO
Tanınmış teleaparıcı Zamirə Dadaşova "İtaliano Parati" mağazası ilə bağlı yaşadığı problemi ictimailəşdirib. O, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova və Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova açıq müraciət ünvanlayıb.
AFN.az həmin müraciəti təqdim edir:
"Mən Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən "İtaliano Parati" mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları almışam. Divar kağızlarının bir hissəsini 22 may, digər hissəsini isə 3 iyul tarixində almışam. Hər iki ödənişi nağd şəkildə etmişəm. Buna baxmayaraq, mənə heç bir rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib.
Məhsulları Rasif adlı satıcıdan almışam. O, mənə divar kağızlarının xarici istehsal olduğunu, hazırda endirimdə satıldığını və keyfiyyətinə tam zəmanət verildiyini bildirdi.
Ümumilikdə üç növ divar kağızı almışam. Onlardan ikisi həqiqətən xarici istehsal olub və heç bir problem yaratmayıb. Lakin xarici istehsal adı ilə mənə satılan digər divar kağızının sonradan yerli istehsal olduğu məlum oldu. Həmin divar kağızı vurulduqdan sonra bəzi hissələrində rəng dəyişikliyi və qaralma əmələ gəldi."
Teleaparıcı bildirir ki, problem yarandıqdan sonra mağaza ilə əlaqə saxlayıb: "Satıcı Rasif əvvəlcə bunun bir-iki gün ərzində keçəcəyini dedi. Bir neçə gün sonra yenidən əlaqə saxladıqda isə mağazadan mütəxəssis göndərəcəklərini bildirdilər.
Ramin adlı mütəxəssis gəlib baxış keçirdi və divarlarda heç bir problem olmadığını, problemin məhz divar kağızından qaynaqlandığını dedi. Sonradan mənə bildirildi ki, "İtaliano Parati" mağazası dəymiş zərəri qarşılayacaq, öz ustalarını göndərərək problemli divar kağızlarını yenisi ilə əvəz edəcək. Bu barədə mənim təqdim edə biləcəyim səsli mesajlar da mövcuddur."
Lakin onun sözlərinə görə, verilən vədlər yerinə yetirilməyib: "16 iyul 2026-cı il tarixində mağazanın göndərdiyi ustalar mənim evimə gəlib əvvəlki ustalar tərəfindən vurulmuş divar kağızlarını sökdülər. Söküntü başa çatdıqdan sonra isə bildirdilər ki, divar kağızlarını yenisi ilə əvəz etməyəcəklər.
Mən buna etiraz edərək soruşdum ki, əgər divar kağızlarını dəyişmək niyyətiniz yox idisə, ustalarınız mənim evimdə nə üçün söküntü işləri aparıblar? Əgər problem mənim ustalarımdadırsa, bunu əvvəldən niyə bildirməmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olacaqdım? Mənim pul verib aldığım aboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna nə əsasla müdaxilə etmisiniz?"
Zamirə Dadaşova daha sonra mağaza nümayəndələrinin davranışından da narazı qaldığını bildirib:
"İradlarıma heç bir məhəl qoyulmadı. Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs "Gedib kimə istəyirsiniz şikayət edin" deyərək mənzili tərk etdi. Onlarla birlikdə gələn mütəxəssis də son dərəcə kobud davranır, əvvəl dediyi sözləri inkar edir və etikadan kənar münasibət nümayiş etdirirdi. Həmid adlı şəxs də əvvəl verdiyi vədləri danaraq açıq şəkildə "Nə istəyirsiniz edin, biz bu mənzilin divar kağızını vurmayacağıq" dedi."
Teleaparıcı mağazanı istehlakçı hüquqlarını pozmaqda ittiham edir: "Hesab edirəm ki, "İtaliano Parati" mağazası istehlakçı hüquqlarını kobud şəkildə pozmuş, məni aldatmış, keyfiyyətsiz məhsul satmış, verdiyi öhdəlikləri yerinə yetirməmiş, üstəlik nağd ödənişə görə kassa çeki təqdim etməyərək qanunvericiliyin tələblərini pozmuşdur.
Sizdən xahiş edirəm ki, mənə dəymiş maddi ziyanın, o cümlədən divar kağızına ödədiyim məbləğin və ustalara ödədiyim xərclərin ödənilməsi istiqamətində mənə hüquqi yardım göstərəsiniz, mağazanın istehlakçı hüquqlarını pozması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edilməsinə kömək edəsiniz və baş vermiş hadisə barədə ictimaiyyət məlumatlandırılsın ki, digər vətəndaşlar da oxşar hallarla üzləşməsin".
Yazıda yer alan ittihamlarla bağlı "İtaliano Parati" mağazasının nümayəndəsinə müraciət edərək mövqe istədik. Rasif adlı şəxs bildirdi ki, bir neçə günə redaksiya ilə əlaqə saxlayıb mövqe təqdim edəcək. Lakin sonradan geridönüş olmadı. Hər bir halda, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




