İspaniya-Argentina: Tarixi final öncəsi maraqlı statistika
İyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində futbol üzrə dünya çempionatının final oyunu keçiriləcək. Qızıl medallar uğrunda dünya futbolunun iki nəhəngi – İspaniya və Argentina yığmaları üz-üzə gələcək.
AFN.az final qarşılaşması öncəsi hər iki komandanın tarixi göstəricilərini və onların qarşılıqlı oyun statistikasını təqdim edir.
İspaniya: "Qırmızı furiya"nın uğur yolu
Kral İspaniya Futbol Federasiyası (RFEF) 1913-cü ildə yaradılıb. Federasiya 1914-cü ildən FİFA-nın, 1954-cü ildən isə UEFA-nın üzvüdür. Qurumun prezidenti Rafael Lusandır, qərargahı isə Las-Rosas şəhərində yerləşir.
İspaniya millisi tarixində ilk rəsmi oyununu 28 avqust 1920-ci ildə Antverpen Olimpiadası çərçivəsində Danimarkaya qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.
Komandanın tarixində ən böyük qələbə 21 may 1933-cü ildə qeydə alınıb. Həmin görüşdə Bolqarıstan millisi 13:0 hesabı ilə darmadağın edilib.
Ən ağır məğlubiyyət isə iki dəfə yaşanıb. İspaniya 1928-ci ildə Amsterdam Olimpiadasında İtaliyaya, 1931-ci ildə isə Londonda keçirilən yoldaşlıq oyununda İngiltərəyə eyni – 1:7 hesabı ilə uduzub.
İspaniya indiyədək 1 dəfə dünya çempionu (2010), 4 dəfə Avropa çempionu (1964, 2008, 2012, 2024), 2 dəfə Olimpiya çempionu (1992, 2024) olub, həmçinin 2023-cü ildə UEFA Millətlər Liqasını qazanıb.
Milli komandada ən çox oyun keçirən futbolçu Serxio Ramosdur (180 oyun), ən məhsuldar bombardir isə David Vilyadır (59 qol). Luis de la Fuentenin rəhbərlik etdiyi komanda hazırda FİFA reytinqində ikinci pillədə qərarlaşıb.
Argentina: "Albiseleste"nin zəngin tarixi
Argentina Futbol Assosiasiyası (AFA) 1893-cü ildə təsis olunub. Qurum 1812-ci ildən FİFA-nın, 1916-cı ildən isə KONMEBOL-un üzvüdür. Federasiyaya Klaudio Tapiya rəhbərlik edir.
Argentina millisi ilk rəsmi oyununu 20 iyul 1902-ci ildə Montevideoda Uruqvaya qarşı keçirib və 6:0 hesablı qələbə qazanıb.
Komandanın tarixində ən böyük hesablı qələbə isə 22 yanvar 1942-ci ildə Amerika Kubokunda Ekvador üzərində qeydə alınıb – 12:0.
Argentinalılar ən ağır məğlubiyyətini 1958-ci il dünya çempionatında Çexoslovakiyaya qarşı alıblar – 1:6. Maraqlıdır ki, komanda sonuncu dəfə də eyni hesabla məhz İspaniya-ya uduzub. Bu, 2018-ci ildə Madriddə keçirilən yoldaşlıq görüşündə baş verib.
Argentina 3 dəfə dünya çempionu (1978, 1986, 2022), 16 dəfə Amerika Kubokunun qalibi, 2 dəfə Olimpiya çempionu (2004, 2008) olub.
Millinin həm ən çox oyun keçirən (206), həm də ən çox qol vuran (125) futbolçusu Lionel Messidir. Lionel Skaloninin rəhbərlik etdiyi Argentina hazırda FİFA reytinqinin lideridir.
Qarşılıqlı oyunlar: Tam bərabərlik
İspaniya və Argentina milli komandaları tarix ərzində 14 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-u yoldaşlıq, yalnız 1-i rəsmi oyun olub.
Statistikaya görə, hər iki komanda 6 dəfə qalib gəlib, 2 görüş isə heç-heçə başa çatıb. Top fərqi isə cüzi üstünlüklə İspaniyanın xeyrinədir – 19:18.
Yeganə rəsmi qarşılaşma 13 iyul 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının qrup mərhələsində baş tutub. Luis Artimenin dublla yadda qaldığı oyunda Argentina 2:1 hesabı ilə qalib gəlib. İspaniyanın yeganə qolunu Pirri vurub.
İki komanda sonuncu dəfə 27 mart 2018-ci ildə Madriddə qarşılaşıb. Yoldaşlıq görüşündə İspaniya Argentinanı 6:1 hesabı ilə darmadağın edib. İskonun het-trik etdiyi matçda Tiaqo Alkantara, Dieqo Kosta və Yaqo Aspas da fərqləniblər. Argentinanın yeganə qolunun müəllifi isə Nikolas Otamendi olub.
Beləliklə, Nyu-Cersidə keçiriləcək final təkcə yeni dünya çempionunu müəyyənləşdirməyəcək. Qarşılıqlı oyunlarda 6:6 olan tarixi balans da ilk dəfə tərəflərdən birinin xeyrinə dəyişəcək.
