BMT: Terrorçuların istifadə etdiyi kriptovalyutaları izləmək getdikcə çətinləşir
Terror qruplaşmaları öz ideologiyalarını yaymaq və sıralarına yeni üzvlər cəlb etmək üçün virtual məkandan istifadə etməklə yanaşı, həm də maliyyə mənbəyi olaraq kriptovalyuta dövriyyəsini genişləndirirlər. Mövcud mexanizmlərlə bu dövriyyəyə nəzarət etmək isə son dərəcə mürəkkəbdir.
AFN.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində BMT Baş katibinin terrorizmlə mübarizə üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuyev bəyan edib.
Virtual aktivlərin tənzimlənməsində ciddi boşluqların olduğunu vurğulayan BMT rəsmisi dövlətlərin bu prosesdə çətinlik çəkdiyini qeyd edib:
"Dövlətlər virtual aktivlərin ticarətini necə tənzimləyəcəklərini hər zaman dəqiq bilmirlər. Kriptovalyutalar asanlıqla adi valyutalara konvertasiya olunduğu üçün pulların hara yönəldiyini, onlardan kimin və hansı məqsədlərlə istifadə etdiyini müəyyənləşdirmək çətindir. Çox vaxt bu əməliyyatlar adi kommersiya fəaliyyəti pərdəsi altında həyata keçirilir. Məhz buna görə də terrorizmin maliyyələşmə mənbələrini aşkar etmək qlobal təhlükəsizlik üçün ciddi problemə çevrilib".
Kiberterrorizm yeni mərhələyə qədəm qoyur
Zuyev bildirib ki, son illərdə bütövlükdə internet və virtual məkanın sürətli inkişafı kiberterrorizm təhlükəsini də yeni müstəviyə daşıyıb. Onun sözlərinə görə, internet şəbəkəsi terroru qidalandıran müxtəlif funksiyaları yerinə yetirir və rəqəmsal dünyada vahid sistem mövcud deyil:
"Hər bir terror təşkilatının internetdən istifadə metodologiyası fərqlidir. Məsələn, 'Boko Haram'ın öz yanaşması var, 'Əş-Şəbab' tamamilə başqa üsullarla hərəkət edir, İŞİD isə virtual məkandan tamamilə fərqli və daha aqressiv formada yararlanır. Vahid bir şablon yoxdur. Biz BMT olaraq bütün bu təzahürləri izləməyə və hər bir regionun özünəməxsus xüsusiyyətlərinə uyğun fərqli metodlarla işləməyə çalışırıq".


