İran husilərdən Qırmızı dənizi bağlamağı istəyib
"Reuters" xəbər agentliyi İran rəhbərliyinin ABŞ-nin ölkənin enerji infrastrukturuna ehtimal edilən hücumu qarşılığında Yəməndəki husilərə Qırmızı dənizdəki dəniz nəqliyyatı marşrutlarını bağlamaq çağırışı etdiyini iddia edib.
AFN.az xəbər verir ki, ABŞ və İran arasında şiddətlənən toqquşmaların yaxın vaxtlarda Babülməndəb boğazına sıçraya biləcəyi bildirilir.
Məlumata görə, adı açıqlanmayan mənbələr sözügedən planın İran rəhbərliyində müzakirə olunduğunu və mesajın İranyönümlü husilərə çatdırıldığını önə sürüblər.
Yəməndəki husilərə yaxın mənbələr isə Babülməndəb boğazının bağlanıb-bağlanmayacağı ilə bağlı son qərarı ərazidəki İran İslam İnqilabı Keşikçiləri Korpusu nümayəndələrinin verəcəyini və hərbi hazırlıqların artıq yekunlaşdırıldığını bildiriblər.
Mütəxəssislər Qırmızı dənizin dəniz nəqliyyatına bağlanmasının qlobal ticarət və dünya bazarlarında böyük sarsıntılara yol açacağını proqnozlaşdırırlar.
Əvvəllər Hörmüz boğazının dəniz daşımalarına qapadılmasından sonra körfəzdən çıxarılan neftin böyük hissəsi Səudiyyə Ərəbistanının boru kəmərləri vasitəsilə Qırmızı dənizə yönləndirilmişdi və hazırda qlobal enerji təchizatının təxminən 7 faizi bu marşrutla daşınır.
Səudiyyə Ərəbistanı rəhbərliyi də İran və husilərdən gələn bu təhdidləri son dərəcə ciddi qarşılayır və Tehranın neft qiymətlərini qaldıraraq Vaşinqtona təzyiq göstərmək istədiyini dəyərləndirir.
Xatırladaq ki, husilər daha əvvəl də Qırmızı dənizdə gəmiləri hədəf almış, bu səbəbdən bir çox daşıyıcı şirkət Afrika qitəsinin cənubundan keçən daha uzun və xərcli marşrutlara üstünlük verməyə məcbur olmuşdu.

