Avropa İttifaqının əhalisi 452 milyon nəfərə yüksəlib
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi bu il rəsmən 452 milyon nəfərə çatıb.
AFN.az xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) Aİ ölkələrinin 1 yanvar 2026-cı il tarixinə olan əhali statistikasını dərc edib.
Buna əsasən, Aİ əhalisi 2026-cı ilin əvvəlində əvvəlki illə müqayisədə 706 min nəfər artaraq 452 milyon olub.
Bununla da 2021-ci ildə Covid-19 pandemiyası dövründə qeydə alınan azalmadan sonra Aİ əhalisi ardıcıl olaraq beşinci il də artımını davam etdirib.
Aİ əhalisi son 10 ildə 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.
Bu ilin əvvəlində Aİ ölkələri arasında ən çox əhaliyə sahib dövlət 83,5 milyon nəfərlə Almaniya olduğu halda, ondan sonrakı yerlərdə 69,1 milyonla Fransa, 58,9 milyonla İtaliya, 49,6 milyonla İspaniya və 36,3 milyonla Polşa qərarlaşıb.
Göstəricilər Aİ-də 2012-ci ildən bəri ölüm sayının doğum sayından çox olması səbəbindən əhalinin təbii artım yolu ilə azaldığını, lakin bu itkinin xalis miqrasiya sayəsində kompensasiya edildiyini göstərib.


