Brüsselin əhalisi 2025-ci ildə cəmi 39 nəfər artıb
Avropanın paytaxtı hesab olunan Brüsselin əhalisi 2025-ci ildə cəmi 39 nəfər artaraq demək olar ki, sabit qalıb.
AFN.az xəbər verir ki, Belçika Statistika Qurumunun (Statbel) məlumatlarına görə, ölkə əhalisi 1 yanvar 2026-cı il tarixinə 11 milyon 867 min 634 nəfərə çatıb.
Beləliklə, Belçikanın əhalisi ötən illə müqayisədə 42 min 83 nəfər artıb və illik əhali artımı faizi 0,36 faiz olaraq qeydə alınıb.
Brüssel Paytaxt Regionunun əhalisi isə 1 yanvar 2025-ci ildə 1 milyon 255 min 795 nəfər olduğu halda, 1 yanvar 2026-cı ildə 1 milyon 255 min 834 nəfərə yüksəlib. Bununla da Brüsselin əhalisi bir il ərzində cəmi 39 nəfər artıb.
Bu vəziyyət regionun 2025-ci ildə demoqrafik baxımdan durğunluq yaşadığını ortaya qoyub.
Digər tərəfdən, Belçika daxilində əhali artımının əsas mənbəyini beynəlxalq miqrasiya təşkil edib.
Ölkədə 2025-ci ildə ölüm hallarının sayının doğumları üstələməsi səbəbindən təbii artım mənfi səviyyədə qalıb. Buna baxmayaraq, beynəlxalq miqrasiya saldosu müsbət 47 min 562 nəfər təşkil edərək əhalinin ümumi artımını təmin edib.
Belçikada regionlar üzrə ən sürətli əhali artımı 0,49% ilə Flamand regionunda qeydə alınıb, Valloniya regionunun əhalisi isə 0,23% artıb.
Bundan əlavə, Belçika əhalisi qocalmağa davam edib. Məlumatlara görə, 1 yanvar 2026-cı il tarixinə ölkə əhalisinin 20,67%-ni 65 və ondan yuxarı yaşda olan şəxslər təşkil edib.

