Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır
Yeni bir araşdırma gün ərzində bir dəfəyə 30 dəqiqədən çox oturmağın xərçəngdən ölüm riskini artırdığını ortaya qoyub.
AFN.az xəbər verir ki, mütəxəssislər ofis daxilində qısa bir gəzinti etməyin və ya ev işi kimi yüngül fəaliyyətlərin belə bu riski azalda biləcəyini qeyd edirlər.
Qlazqo Universitetinin tədqiqatçıları 90 mindən çox insanı 10 ildən artıq müddət ərzində izləyiblər.
"Plos Medicine" jurnalında dərc olunan nəticələrə görə, oyaq vaxtı bir dəfəyə 30 dəqiqədən çox oturmaq və ya uzanmaq xərçəngdən ölüm riskini yüksəldir. Hərəkətsiz qalan hər əlavə saat bu riski daha da artırır.
Lakin araşdırma bu hərəkətsiz dövrlərin fiziki fəaliyyətlə bölünməsinin qoruyucu bir təsir yarada biləcəyini göstərib. Hər yarım saatdan bir ayağa qalxıb hərəkət etməyin sağlamlığa ciddi müsbət təsirləri olduğu qeyd edilib.
Tədqiqatın baş müəllifi doktor Frederik Ho mövcud sağlamlıq təlimatlarının çox vaxt orta və ya ağır idman hərəkətlərinə yönəldiyini, lakin əldə etdikləri nəticələrin yüngül hərəkətlərin də nəzərdən qaçırılmaması gərəkdiyini göstərdiyini bildirib.
İngiltərədəki "UK Biobank" layihəsində iştirak edən 91 mindən çox insanın daşınan texnoloji cihazlardan əldə edilən məlumatlarını araşdıran mütəxəssislər iştirakçıları orta hesabla 12 il boyu müşahidə ediblər.
Nəticələr hər gün əlavə olaraq keçirilən hər bir saatlıq hərəkətsizliyin xərçəngdən ölüm riskində 10 faizlik bir artımla bağlı olduğunu göstərib. Bunun əksinə olaraq, hərəkətsiz keçən müddətlərin hərəkətlə əvəz edilməsi riski azaldır.
Araşdırmaya görə, hər gün bir saatlıq hərəkətsizlik yerinə ütü etmək və ya qab yumaq kimi yüngül fiziki fəaliyyətlər qoymaq xərçəngdən ölüm riskini 12 faiz azaldır.
Gündəlik 30 dəqiqəlik hərəkətsizliyi orta templi gəzinti ilə əvəz etmək riski 8 faiz aşağı salır.
Beş dəqiqəlik hərəkətsizliyin yerinə beş dəqiqəlik ağır fiziki fəaliyyət əlavə etmək isə riski 22 faiz nisbətində azaldır.
Müşahidəyə əsaslanan bir tədqiqatın statistik analizlərini ehtiva etdiyi üçün dəqiq bir səbəb-nəticə əlaqəsini sübut edə bilməsə də, mütəxəssislər oturma müddətlərini bölməyə yönəlmiş fərdiləşdirilmiş strategiyaların hazırlanmasının klinik əhəmiyyət daşıdığını vurğulayırlar.

