Antarktidadakı vulkan göy üzünə qızıl püskürür



Dünyanın ən cənubundakı aktiv vulkan olan Erebus hər gün atmosferə mikroskopik ölçüdə saf qızıl kristalları buraxaraq elm dünyasını təəccübləndirməyə davam edir.

AFN.az xəbər verir ki, aktiv bir vulkan dedikdə dərhal lava, kül və dağıntı yada düşsə də, planetimizin ən uzaq və donmuş guşəsində yerləşən bu vulkan bütün stereotipləri tamamilə qırır.

Antarktidadakı Ross dənizində yerləşən Ross adasında yüksələn Erebus vulkanı Cənub Qütbündən təxminən 1350 kilometr məsafədə yerləşir.

Dünyanın ən cənubundakı aktiv vulkan xüsusiyyətinə malik olan Erebusun içində daimi olaraq qaynayan lava gölü var.

Elm adamları bu nəhəng lava qapısından davamlı şəkildə yüksələn qazların tərkibində mikroskopik ölçüdə elementar qızıl kristalları aşkar ediblər.

Aparılan araşdırmalara görə, Erebus vulkanı hər gün təxminən 1000 kilometr və ya daha uzaq məsafələrə yayılan orta hesabla 80 qram ağırlığında mikroskopik qızıl tozu püskürür.

Bu vəziyyət Erebusu yer üzündə kristallaşmış elementar qızıl hissəcikləri püskürtdüyü bilinən yeganə vulkan edir.

Əslində vulkanik qazlarda qızıla rast gəlinməsi tamamilə qeyri-adi bir hal deyil. Əvvəllər Havay adalarındakı Kilaueaİtaliyadakı Etna kimi fərqli vulkanlarda da kimyəvi olaraq qızıl izlərinə rast gəlinmişdi. Hətta bu vulkanların gündəlik qızıl buraxma miqdarının Erebusdan daha çox olduğu məlumdur. Lakin Erebusu unikal edən cəhət qızılın xaricolma forması və aldığı yekun quruluşdur.

Vulkanlar yer qabığının dərinliklərindəki ərimiş maddələrin yuxarıya doğru qalxdığı nöqtələrdir. Bu proses zamanı mis, gümüş, civə və qızıl kimi bir çox element bir yerdə əriyir.

Qızılın qaynama nöqtəsi vulkanik temperaturlardan qat-qat yüksək olduğu üçün qızıl burada su kimi buxarlanmır, bunun əvəzinə vulkanik qazlardakı xlor və ya kükürd tərkibli birləşmələrə bağlanaraq daşınır.

Erebusu araşdıran tədqiqatçılar krater ətrafındakı qardan, qaz buludundan və hətta vulkandan 1000 kilometr uzaqlıqdakı troposferdən nümunələr toplayıblar.

Elektron mikroskopu altında incələnən bu hissəciklərin digər vulkanlardakı kimi nizamsız ləkələr şəklində deyil, demək olar ki, qüsursuz həndəsi formalara malik, təxminən 60 mikrometr böyüklüyündə parıltılı kristallardan ibarət olduğu görülüb.

Qızılın bu qaz birləşmələrindən necə ayrılaraq qüsursuz kristallara çevrilməsi isə hələlik tam olaraq aydınlaşdırılmayıb.

Elm adamlarının irəli sürdüyü nəzəriyyələrdən birinə görə, xlor tərkibli birləşmələrlə daşınan qızıl qazların qəfil soyuması nəticəsində kristallaşaraq Antarktida buzlarının üzərinə düşür. Lakin qazın tərkibindəki qızıl miqdarının çox az olması havada bu cür qüsursuz kristalların öz-özünə formalaşmasını çətinləşdirir.

Digər bir nəzəriyyə isə qızıl kristallarının lava gölünün səthindəki qabıqda yavaş-yavaş formalaşdığını və daha sonra yüksələn qazlar tərəfindən havaya üfürüldüyünü müdafiə edir.

Kəşfin üzərindən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, Erebusun kimyası, geologiyası və ya ətraf mühit temperaturunun bu bənzərsiz təbiət hadisəsinə necə zəmin yaratması sirr olaraq qalmaqdadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu