İspaniya baş nazirinin xanımının ölkədən çıxışı qadağan edilib
İspaniyanın Baş naziri Pedro Sançesin xanımı Beqoniya Qomes korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır. Müstəntiq-hakim həmçinin onun ölkədən çıxışına qadağa qoyulması barədə qərar qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, şənbə günü müstəntiq-hakim Xuan Karlos Peynado tərəfindən çıxarılan qərara əsasən, B.Qomes pasportunu təhvil verməli, İspaniya ərazisini tərk etməməli və ayda iki dəfə məhkəməyə gəlməlidir.
İstintaqın versiyasına görə, Beqoniya Qomes müxtəlif müqavilələrin əldə edilməsi üçün hökumət başçısının həyat yoldaşı statusundan istifadə edib. B.Qomes özü isə ittihamları rədd edir. Qeyd olunur ki, cinayət işinin qaldırılmasının təşəbbüskarları ifrat sağçı siyasi qrupların nümayəndələridir.
Bu iş Baş nazir Pedro Sançesə qarşı siyasi təzyiqləri artıran bir neçə korrupsiya araşdırmasından biridir. Sançes özü müttəhimlər arasında yer almır və baş verənlərin ona qarşı yönəlmiş siyasi kampaniya xarakteri daşıdığını bəyan edir.
Paralel olaraq İspaniyada dövlət satınalmaları, pandemiya dövründəki tədarüklər və infrastruktur layihələri ilə bağlı bir sıra keçmiş və hazırkı siyasətçilərə, o cümlədən Sançesin bəzi müttəfiqlərinə qarşı da araşdırmalar davam edir.
Məlumatda həmçinin qeyd olunur ki, İspaniya Ali Məhkəməsi keçmiş baş nazir Xose Luis Rodriges Zapateroya qarşı irəli sürülən ittihamları da nəzərdən keçirir. İddiaçılardan gələn versiyaya görə, o, üçüncü tərəflərin maraqları naminə lobbiçilik fəaliyyətində ittiham olunur. Zapatero isə bütün ittihamları qəti şəkildə təkzib edir.

