Roma Papası italyanları katolik inancını yenidən kəşf etməyə çağırıb
Roma Papası XIV Lev Şimali İtaliyaya səfəri zamanı ölkədə dindarlığın azalması fonunda italyanları katolik inancını yenidən kəşf etməyə çağırıb.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Pontifik helikopterlə Milan yaxınlığındakı Paviya şəhərinə gəlib. Bura erkən xristianlığın əsas mütəfəkkirlərindən biri və papanın mənəvi rəhbəri sayılan Müqəddəs Avqustinin nəşinin qalıqlarının saxlanıldığı yerdir. Papa "San-Pyetro-in-Çyel-d’Oro" bazilikasında mehrab hissəsində yerləşən müqəddəs relikviyaların qarşısında dua edib.
Dindarlara müraciət edən XIV Lev dünyəviləşmə (sekulyarizm) meyllərinin artdığı bir şəraitdə mənəvi əsaslara qayıtmağın vacibliyini vurğulayıb:
"Bir çox insanın mənəvi istəyini itirdiyi və ya müxtəlif səbəblərdən xristian inancını artıq öz həyatı üçün cəlbedici hesab etmədiyi bir vaxtda biz ilk növbədə İncili təbliğ etməyə çağırılırıq".
Pontifik Müqəddəs Avqustini daxili mənəvi yolun nümunəsi kimi qeyd edib, "daxili həyatın" və insanın öz daxilində məna axtarışının əhəmiyyətini xatırladıb.
Paviyaya səfər papanın İtaliya üzrə yay turunun bir hissəsidir və bu çərçivədə o, ölkənin müxtəlif şəhərlərini və dini mərkəzlərini ziyarət edir. Növbəti mərhələdə onun Şimali Afrikadan gələn miqrantların əsas qəbul məntəqələrindən birinə çevrilmiş Lampedouza adasına səfəri planlaşdırılır.
XIV Lev çıxışında ABŞ-da italyan miqrantlara göstərdiyi köməklə tanınan ilk amerikalı müqəddəs Fransiska Ksaveriya Kabrininin şəxsiyyətinə də diqqət çəkib. Pontifik bundan əvvəl də, sələfi Fransisk daxil olmaqla, digər papaların xəttini davam etdirərək miqrantları dəstəkləyən bəyanatlarla çıxış edib.
