Pentaqon yanacaq qiymətlərindəki artım səbəbindən çətinlik çəkir - İDDİA
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) artan yanacaq qiymətləri və xərclər səbəbindən getdikcə böyüyən maliyyə təzyiqi ilə üzbəüz qaldığı irəli sürülüb.
AFN.az xəbər verir ki, "ABC News"un ABŞ rəsmilərinə və sənədlərə istinadən yaydığı məlumata görə, xərclərdəki artım və yanacaq xərcləri Pentaqonun maliyyə yükünü əhəmiyyətli dərəcədə artırıb.
Sənədlərdə Pentaqonun yanacaq üçün barrel başına ödədiyi orta qiymətin 2025-ci ilin oktyabrında 154,14 dollar olduğu halda, bu ilin aprelində 195,72 dollara yüksəldiyi qeyd edilib.
Pentaqonun ildə təxminən 80 milyon barrel yanacaq satın aldığı, sözügedən artımın hərbi texnikaların yanacaq xərclərində 1 milyard dollardan çox planlaşdırılmamış əlavə xərc yarada biləcəyi ifadə edilib.
Rəsmilər artan xərclər səbəbindən ezamiyyətlərin daha ciddi nəzarətə götürüldüyünü, bəzi bölmələrin səfərləri əhəmiyyətli dərəcədə azaltdığını və ya tamamilə ləğv etdiyini bildiriblər.
ABŞ ordusunun artan xərclərə görə büdcə kəsiri ilə qarşılaşdığı və təlim xərclərində ixtisarlar etməyə hazırlaşdığı iddia olunmuşdu.
Ordunun ölkə daxilindəki və xaricindəki fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirməsi səbəbindən təxminən 4-6 milyard dollarlıq büdcə kəsirinin yarandığı qeyd edilmişdi.
