ABŞ-da hava yollarının yanacaq xərcləri mart ayında 56,4 faiz artıb
ABŞ Nəqliyyat Nazirliyi hava yolu yanacaq xərclərinin mart ayında 56,4 faiz artdığını bildirib.
AFN.az xəbər verir ki, "The Hill" nəşrinin məlumatına görə, ABŞ Nəqliyyat Nazirliyi tabeliyindəki Nəqliyyat Statistikası Bürosu (BTS) ölkədəki müntəzəm hava yollarının mart ayı üzrə ümumi yanacaq xərclərini açıqlayıb.
Hesabata əsasən, mart ayında ümumi yanacaq xərcləri 5,06 milyard dollar təşkil edib ki, bu da fevral ayındakı 3,23 milyard dollarla müqayisədə 56,4 faiz artım deməkdir.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən aşağı büdcəli "Spirit Airlines" aviaşirkəti artan yanacaq qiymətləri səbəbindən fəaliyyətini dayandırdığını elan etmişdi. Şirkət mayın 2-də bütün uçuşlarını ləğv edərək fəaliyyətini dərhal sonlandırmaq qərarına gəlib.
"Spirit"in baş direktoru Deyv Devis son həftələrdə yanacaq qiymətlərindəki qəfil və qalıcı artımın şirkəti bu həddə çatdırdığını bildirərək, "Biznesin davamlılığını təmin etmək üçün yüz milyonlarla dollarlıq əlavə likvidliyə ehtiyac var idi və biz bunu təmin edə bilmədik," — deyə vurğulayıb.
Bununla belə, ABŞ-ın nəqliyyat naziri Şon Daffi "Spirit Airlines"ın fəaliyyətini ABŞ/İsrail-İran müharibəsinin səbəb olduğu yanacaq artımı ilə əlaqələndirilməsi iddialarını rədd edib. Mayın 2-də keçirdiyi mətbuat konfransında nazir Daffi "Spirit" aviaşirkətinin hələ İranla müharibə başlamazdan çox əvvəl də çətin vəziyyətdə olduğunu diqqətə çatdırıb.
