Avropada elektromobil satışları martda rekord qırdı



Avropada Yaxın Şərqdəki müharibə səbəbindən artan yanacaq qiymətləri və subsidiyaların təsiri ilə elektromobil satışları martda yarım milyonu keçərək rekord həddə çatıb.

AFN.az xəbər verir ki, Londonda yerləşən "Benchmark Mineral Intelligence" məlumat analizi şirkətinin yaydığı hesabatda mart ayı üzrə elektromobil satışları açıqlanıb.

Məlumata görə, dünyada mart ayında 1,75 milyon elektromobil satılıb ki, bu da illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 66 faiz artım deməkdir. Elektromobil satışlarındakı bu böyümədə Avropadakı rekord artım həlledici rol oynayıb. ABŞ-İsrail və İran arasındakı müharibə sonrası neft tədarükündəki kəsintilər yanacaq qiymətlərini bahalaşdırıb, bu isə yenilənən subsidiya proqramları ilə birlikdə sürücülərin elektromobillərə meylini gücləndirib.

Avropada elektromobil satışları martda ilk dəfə yarım milyonu keçərək 540 minə yaxınlaşıb ki, bu da əvvəlki aya nisbətən 72 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37 faiz artım deməkdir. Böyük Britaniya, Belçika, Finlandiya, Fransa, İtaliya, Portuqaliya və İspaniya rekord satışların qeydə alındığı ölkələr kimi önə çıxıb.

Martdakı kəskin artıma baxmayaraq, qlobal satışlar ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 4 milyon ədəd təşkil edib. Bu azalmaya əsasən Çində satışların 21 faiz, Şimali Amerikada isə 27 faiz geriləməsi səbəb olub. Şirkətin məlumat direktoru Çarlz Lester qeyd edib ki, Avropa mart ayında yarım milyondan çox satışla tarixin ən güclü dövrünü yaşayıb və qlobal böyümənin lokomotivinə çevrilib.

Lesterin sözlərinə görə, satışların artmasında yanacaq xərclərinin yüksəlməsi əsas amil olsa da, dünyada elektromobil bazarında regional fərqliliklər və struktur təzyiqləri hələ də davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu