Çində sel həyəcanı: Qırmızı xəbərdarlıq edildi



Çinin mərkəzi və şərq bölgələrində şiddətli yağışlar və sel təhlükəsi səbəbindən fövqəladə vəziyyət xəbərdarlığı edilib, Anhui və Hubey əyalətlərində “qırmızı həyəcan” elan olunub.

AFN.az xəbər verir ki, sel riski daşıyan bölgələrdə təxliyə işləri davam edərkən, 1805 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

"Xinhua" agentliyinin məlumatına görə, Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsi ölkənin daxili hissələrində yerləşən Anhui əyalətinin qərbi və Hubey əyalətinin şərqindəki yaşayış məntəqələri üçün ən yüksək xəbərdarlıq səviyyəsi olan "qırmızı həyəcan" elan edib.

Səlahiyyətlilər bu bölgələrdə güclü leysan səbəbindən bazar günü saat 20:00 ilə bazar ertəsi saat 20:00 arasında dağ sularının səbəb olacağı qəfil sel təhlükəsinin çox yüksək olduğu barədə xəbərdarlıq edib.

Bu arada, Cıciand, Anhui, Cianqşi və Hubeyin bəzi hissələrindəki yaşayış məntəqələri üçün də "narıncı həyəcan" elan edilib, yerli hakimiyyət orqanlarına real vaxt rejimində monitorinq aparmaq və qabaqlayıcı təxliyələr həyata keçirmək tapşırılıb.

Hınanın cənubu, Anhui rəhbərliyinin qərbi və cənubu, Hunanın şimal-qərbi, Cianqşinin şimal-şərqi və Çonqinqin şimal-şərqində intensiv yağışlar gecə saatlarına qədər təsirini davam etdirəcək, Anhuinin cənub-qərbi və Hubeyin qərbindəki bəzi bölgələrdə isə şiddətli fırtına gözlənilir.

Çinin dörd mərhələli sel xəbərdarlığı sistemində "qırmızı" ən kritik həyəcan səviyyəsini təmsil edir, təxirəsalınmazlıq sırasına görə onu "narıncı", "sarı" və "mavi" xəbərdarlıqlar izləyir.

Digər tərəfdən, ölkənin cənub-qərbindəki Çonqinq şəhərində həftəsonu baş verən seldə 3 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü məlum olub.

Əvvəlki gecə başlayan və dünən gün boyu davam edən leysan yağışları şəhərin bir çox bölgəsində daşqınlara yol açıb və seldən zərər çəkən ərazilərdə yaşayan 1805 nəfər təxliyə edilib.

Yerli hökumətin yaydığı bəyanatda Yonqçuan rayonunda daşqın nəticəsində 3 nəfərin həyatını itirdiyi, 17 nəfərdən isə hələ də xəbər alınmadığı bildirilib, Beybey rayonundakı seldə də 2 nəfərin itkin düşdüyü qeyd edilib.

Sellər səbəbindən Yonqçuan rayonunda 1-ci səviyyəli, 29 rayon və qəsəbədə 2-ci səviyyəli, 9 rayon və qəsəbədə isə 3-cü səviyyəli fövqəladə vəziyyət elan olunub.

Güclü leysan səbəbindən 22 rayon və qəsəbədə çaylarda suyun səviyyəsinin təhlükə həddini aşdığı şəhərdə axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işləri aparılır.

Çin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi yerində vəziyyəti qiymətləndirmək və seldən zərər çəkmiş vətəndaşların əsas ehtiyaclarının ödənilməsi də daxil olmaqla fəlakətin fəsadlarının aradan qaldırılması işlərinə dəstək vermək üçün bölgəyə işçi qrupu göndərib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu