ABŞ ordusunda hava şouları zamanı baş verən qəzalarda 136 milyon dollarlıq itki
ABŞ-ın Aydaho ştatında keçirilən hava şousunda ötən həftə sonu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş təyyarəsinin havada toqquşması, Pentaqonun əyləncə və nümayiş naminə milyonlarla dollarlıq döyüş təyyarələrini və heyətini nə üçün riskə atdığı sualını yenidən gündəmə gətirib.
AFN.az xəbər verir ki, "Mauntin Houm" Hərbi Hava Qüvvələri bazasında keçirilən "Gunfighter Skies" hava şousu zamanı baş verən qəzada F/A-18 platforması üzərində inşa edilmiş iki ədəd EA-18 Growler elektron döyüş təyyarəsi toqquşub.
Hərbi Dəniz Qüvvələrinin rəsmiləri təyyarələrdə olan 4 heyət üzvünün katapult vasitəsilə xilas edildiyini, yalnız birinin həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Hərbi Dəniz Qüvvələrinin 2021-ci il məlumatlarına görə, hər birinin dəyəri 68 milyon dollar olan bu təyyarələrin istehsalı artıq dayandırıldığı üçün real əvəzetmə xərclərinin daha yüksək olacağı bildirilir.
F/A-18 ailəsinə daxil olan təyyarələrin saatlıq uçuş xərci isə təxminən 20 min dollardır.
Hərbi nümayiş uçuşlarının xərcləri və riskləri keçmişdən bəri mülki və hərbi ekspertlər arasında mübahisə mövzusu olaraq qalır.
2012-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri Təhsil Məktəbində çalışan üç zabit tərəfindən hazırlanan bir xərc-fayda təhlilinə görə, məşhur "Blue Angels" (Mavi Mələklər) nümayiş komandasının illik büdcəsi təxminən 98,6 milyon dollar idi.
Hesabatdakı ən diqqətçəkən nəticə isə bu nəhəng büdcəyə qarşılıq Hərbi Dəniz Qüvvələrinin orduya əsgər cəlb etmək baxımından əldə etdiyi birbaşa faydanın 1 milyon dollardan aşağı olması idi.
Zabitlər investisiya gəliri (ROI) baxımından hərbi nümayişlərin 99 faiz nisbətində mənfi balans ortaya qoyduğu və xərclərin faydadan qat-qat çox olduğu qənaətinə gəliblər.
Nümayişlərin ətraf əyalətlərə verdiyi iqtisadi töhfə və ictimaiyyətlə əlaqələr dəyəri hesablandığı təqdirdə belə, investisiya gəlirinin 41 faiz mənfi olduğu müəyyən edilib.
Konqres 2024-cü ildə Pentaqondan yeni bir xərc-fayda işi tələb etsə də, ordu hələlik güncəl rəqəmləri ictimaiyyətlə paylaşmayıb.
Hava şoularında təyyarələr saatda yüzlərlə kilometr sürətlə, bir-birinə və yerə olduqca yaxın məsafələrdə akrobatik hərəkətlər edirlər.
1982-ci ildə dörd "Thunderbirds" pilotunun öldüyü "Almaz Qəzası", 1994-cü ildəki B-52 bombardmançı təyyarəsinin qəzası və yaxın dövrdə 2016-cı və 2018-ci illərdə baş verən ölümlü qəzalar bu əməliyyatların daşıdığı təhlükəni göstərir.
Bütün bu təhlükələrə və mənfi maliyyə hesabatlarına baxmayaraq, hərbi rəsmilər bu şouları davam etdirməkdə qərarlıdırlar.
Aviasiya eksperti və keçmiş döyüş pilotu Con Venbl "Blue Angels" və "Thunderbirds" komandalarının Şimali Amerikada hər il keçirilən 300-dən çox şounun yalnız kiçik bir hissəsinə yetişə bildiyini, buna görə də "Growler" kimi daha kiçik yerli nümayiş komandalarının qurulduğunu bildirib.



