ABŞ Sahil Mühafizəsi Karib dənizində 3 ton kokain ələ keçirib
ABŞ Sahil Mühafizəsinin "Taxoma" gəmisinin heyəti Karib dənizində eyni vaxtda qanunsuz narkotik daşıyan üç qayığı saxlayıb və 3 tondan çox kokain müsadirə edib.
AFN.az "CBS News"a istinadən xəbər verir ki, əməliyyat Kolumbiyanın Kartaxena sahili yaxınlığında baş tutub. Qaçaqmalçıları eyni vaxtda yaxalamaq üçün gəmidən iki kiçik qayıq suya salınıb və helikopter havaya qaldırılıb.
Helikopterin təqib etdiyi qayıqdakı şübhəlilər tabesizlik göstərdiyi üçün hərbçilər havadan snayper atəşi ilə qayığın mühərriklərini sıradan çıxarıblar. Bu zaman suya tullanan qaçaqmalçılar xilas ediliblər və xəsarət alan olmayıb, digər iki qayıqdakılar isə əmrə tabe olaraq dayanıblar.
Müsadirə edilən və dəyəri təxminən 45 milyon dollar olan narkotik maddələr Floridadakı Everqleyds limanına gətirilərək boşaldılacaq.



