ABŞ neft tankerini müsadirə etdi
ABŞ Müdafiə Nazirliyi Karib dənizindəki karantin qərarını pozan "Aquila II" neft tankerini Hind okeanında müsadirə etdiyini açıqlayıb.
Pentaqonun sosial media hesabından edilən paylaşımda, ABŞ hərbi qüvvələrinin Prezident Donald Trampın sanksiya tətbiq edilən gəmilərə qarşı Karib dənizində elan etdiyi karantini pozan gəmiyə Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında müdaxilə etdiyi bildirilib.
Məlumata görə, ABŞ hərbi qüvvələri Karib dənizindən qaçan gəmini Hind okeanına qədər izləyib. Bölgədə həyata keçirilən xüsusi əməliyyat nəticəsində gəminin tam nəzarətə götürülməsi təmin edilib.
Pentaqonun bəyanatında Amerika qüvvələrinin quruda, havada və dənizdə hər cür qayda pozuntusuna cavab verəcəyi vurğulanıb. Qeyd olunub ki, qanunsuz fəaliyyət göstərən tərəflər ABŞ-ın hərbi gücündən qaça bilməyəcəklər.
Xatırladaq ki, Prezident Donald Tramp ötən aylarda ABŞ ordusuna Karib dənizində tam karantin tətbiq edilməsi barədə əmr vermişdi. Həmin vaxtdan bəri ABŞ ordusu bölgədə narkotik qaçaqmalçılığı və sanksiyalardan yayınma əsasları ilə bir çox dəniz vasitəsinə qarşı sərt tədbirlər həyata keçirib.


