Nigeriyada Lassa qızdırması səbəbindən ölənlərin sayı 190-a yüksəldi
Nigeriyada heyvandan insana keçən Lassa qızdırması xəstəliyi səbəbindən bu il həyatını itirənlərin sayı 190-a çatıb.
AFN.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) yaydığı açıqlamada ölkənin müxtəlif ştatlarında Lassa qızdırması epidemiyasının yayılmaqda davam etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, ölkədə yanvar ayından bəri Lassa qızdırması səbəbindən ölənlərin sayı 190-a yüksəlib. Bildirilib ki, ölkədə Lassa epidemiyası ilə bağlı ölüm göstəricisi artmaqda davam edir və xəstəlikdən ölüm nisbəti ötən ilin eyni dövründə qeydə alınan 19,1 faizlə müqayisədə 25,2 faizə yüksəlib.
Məlumata görə, hesabat həftəsində yeni təsdiqlənmiş yoluxma hallarının sayı azalsa da, halların gec bildirilməsi, insanların tibbi xidmətə kifayət qədər müraciət etməməsi və səhiyyə işçiləri arasında qeydə alınan infeksiyalarla bağlı narahatlıqlar davam edir.
Qeyd edək ki, ötən il ölkədə Lassa virusu səbəbindən 190 nəfər həyatını itirmişdi. Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması ilə bağlı fövqəladə vəziyyət elan etmişdi.
Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində rast gəlinən Lassa qızdırmasına Nigeriyada ilk dəfə 1969-cu ildə ölkənin şimal-şərqində yerləşən Borno ştatında qeydə alınıb.
Siçan nəcisi ilə təmas nəticəsində yoluxan xəstəlik insandan insana da keçə bilir və ölümcül qızdırmaya səbəb olur. Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasdan çəkinmələri barədə xəbərdarlıq edirlər.


