Uşaq qidalarına siçan zəhəri qatıb şirkəti şantaj edən şəxs saxlanıldı
Avstriyada 39 yaşlı kişi Almaniyanın uşaq qidası istehsalçısına qarşı şantaj cəhdləri ilə əlaqədar saxlanılıb. Şübhəlinin Avstriya, Çexiya və Slovakiyadakı üç supermarketdə satışda olan 6 banka uşaq qidasına siçan zəhəri qatdığı iddia edilir.
AFN.az xəbər verir ki, Avstriyanın "ORF" yayımçısının məlumatına görə, saxlanılan şəxs "tənha canavar" kimi qiymətləndirilir.
Məlumata görə, şübhəli şəxs Almaniya sərhədinə yaxın Zalsburq şəhərində yaxalanıb. O, şirkətə göndərdiyi elektron məktublardakı rəqəmsal izlər və supermarketlərin təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilib. İddiaya görə, o, şirkətdən 2 milyon avro tələb edib, əks halda zəhərli məhsulların satışa çıxarılacağı ilə hədələyib.
Səhiyyə rəsmiləri tapılan bankalardan birində 15 mikroqram siçan zəhəri aşkar ediblər. Ehtiyat tədbiri olaraq bir çox supermarket zənciri, xüsusilə "Spar" mağazaları sözügedən Alman markasının məhsullarını satışdan çıxarıb. Tapılan 6 bankadan 5-i ələ keçirilsə də, birinin taleyi hələ də naməlumdur.
Mütəxəssislər bildirir ki, zəhərin tərkibindəki bromadiolon maddəsi qanın laxtalanmasına mane olur. Valideynlərə tövsiyə olunur ki, körpələrdə qanama, həddindən artıq halsızlıq və ya solğunluq müşahidə olunarsa, dərhal həkimə müraciət etsinlər.


