Avstraliyada Epşteyn işinə bənzər uşaq istismarı skandalı üzə çıxıb
Avstraliyanın Kvinslend ştatında yaşayan İtan Börns-Dedererin uşaq istismarı çərçivəsində ümumilikdə 596 maddə ilə ittiham olunduğu bildirilib.
ABC-nin xəbərinə görə, ABŞ-da yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı ictimaiyyətə açıqlanan sənədlərdə yeni detallar ortaya çıxdığı bir vaxtda, bənzər bir hadisə Avstraliyada yaşanıb.
Kvinslend polisi ştatın Meriboro şəhərində yaşayan 27 yaşlı İtan Börns-Dedererin uşaqlara qarşı istismar çərçivəsində 596 ittihamla üz-üzə olduğunu açıqlayıb. Polisin ələ keçirdiyi təxminən 23 min uşaq istismarı görüntüsü ilə əlaqədar olaraq, Börns-Dedererin Avstraliyada və müxtəlif ölkələrdə yaşayan ümumilikdə 459 uşağı hədəf aldığı, bu uşaqların foto və videolarını qeyd etdiyi və saxladığı bildirilib.
İttihamların təfərrüatı
Börns-Dederer aşağıdakı maddələr də daxil olmaqla çoxsaylı ittihamlarla mühakimə olunacaq:
244 maddə: Uşaq istismarı məzmunu hazırlama;
163 maddə: 16 yaşından kiçik uşaqları "əldə etmək" üçün nəqliyyat və ya rabitə xidmətlərindən istifadə;
87 maddə: Uşaqlarla onlayn cinsi fəaliyyətdə olma.
İddia olunur ki, şübhəli şəxs uşaqları hədəf almaq üçün sosial media və oyun platformalarından istifadə edib.
Beynəlxalq miqyaslı təhqiqat
Kvinslend Polis Departamentindən Denzil Klark istintaqın milli və beynəlxalq ekspertlərlə koordinasiyalı şəkildə aparıldığını vurğulayaraq, qurbanların müəyyən edilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Klark qeyd edib ki, şübhəlinin uşaqlarla onlayn mühitdə qurduğu ünsiyyət polis tərəfindən qeydə alınıb və Börns-Dederer qurbanları cinsi məzmunlu materiallar göndərməyə məcbur edib.
Məlumata görə, şübhəli şəxs əsasən 5-15 yaş arası oğlan uşaqlarını hədəf alıb. Hazırda 15 müxtəlif ölkədə yaşayan 360 qurbanın şəxsiyyəti artıq müəyyən edilib. İstismarların 2018–2025-ci illər arasında baş verdiyi bildirilir. Saxlanılan şəxsin yaxın vaxtlarda məhkəmə qarşısına çıxacağı gözlənilir.


