Oman tərəfləri çeviklik nümayiş etdirməyə çağırıb
Omanın xarici işlər naziri Bədr əl-Busaidi BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığı apararaq regiondakı son vəziyyəti müzakirə edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, tərəflər beynəlxalq dəniz gəmiçiliyinin təhlükəsizliyinin bərpası və qlobal ticarətin maneəsiz hərəkəti üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı mövcud münaqişələrin həlli üçün bütün tərəflərin lazımi çeviklik nümayiş etdirməsi və ortaq maraqları nəzərə alan praktiki həll yollarının tapılmasının əhəmiyyəti qeyd olunub. Quterreş BMT-nin Hörmüz boğazının yenidən açılması və ticarətin bərpası üçün vasitəçiliyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Oman ənənəvi olaraq ABŞ və İran arasında əsas vasitəçi rolunu oynayır. Aprelin sonunda İranın xarici işlər naziri Abbas Araqçinin Muskata səfəri və Oman Sultanı ilə görüşü də məhz Hörmüz boğazındakı gərginliyin azaldılmasına və dəniz blokadasının aradan qaldırılmasına yönəlmişdi.
Hazırda bölgədə gəmiçilik azadlığı qlobal enerji bazarları üçün kritik məsələ olaraq qalır və Muskatın diplomatik təmasları gərginliyin deeskalsiyası üçün mühüm kanal hesab olunur.
