Quterreş: Hörmüz boğazını açın, qlobal iqtisadiyyatın nəfəs almasına imkan verin



Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı fasilələrin qlobal qida böhranını tətikləmə riski daşıdığını bildirərək, boğazın açılması və qlobal iqtisadiyyatın nəfəs almasına şərait yaradılması ilə bağlı çağırış edib.

AFN.az xəbər verir ki, Quterreş "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" gündəliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının "Dənizçilik sahəsində su yollarının təhlükəsizliyi və qorunması" mövzusuna həsr olunmuş iclasında çıxış edib.

Bu toplantının su yollarının təhlükəsizliyinin beynəlxalq nizam üçün bir sınağa çevrildiyi dövrə təsadüf etdiyini vurğulayan Baş katib, bu gün qlobal ticarətin arteriyalarını təşkil edən dəniz yollarının ciddi təzyiq altında olduğunu söyləyib.

O, geosiyasi gərginliyin dənizlərə daşındığını, ticarət gəmilərinin bir təzyiq vasitəsi kimi istifadə edildiyini və dəniz hüququnun təməl prinsipləri kontekstində naviqasiya hüquqları ilə azadlıqlarının sarsıldığını qeyd edib.

Martın əvvəlindən bəri Hörmüz boğazından keçən gəmi hərəkətindəki axsamaların qlobal enerji təhlükəsizliyinə, qida tədarükünə və ticarətə mənfi təsir etdiyini bildirən Quterreş, bunun COVID-19 pandemiyası və Ukrayna müharibəsindən bəri yaşanan ən pis tədarük zənciri qırılması olduğuna diqqət çəkib.

Baş katib uzunmüddətli fasilənin xüsusilə Afrika və Cənubi Asiyada milyonlarla insanı aclıq və yoxsulluğa sürükləyərək qlobal qida böhranı riskini artırdığını vurğulayıb.

Naviqasiya azadlığındakı problemlər səbəbindən 20 mindən çox dənizçi və 2 mindən çox gəminin dənizdə çarəsiz qaldığını xatırladan Quterreş, üzv dövlətləri Beynəlxalq Dənizçilik Təşkilatı tərəfindən hazırlanan təcili təxliyə çərçivəsini dəstəkləməyə çağırıb.

Hörmüz boğazında naviqasiya hüquqlarına və azadlıqlarına hörmət edilməsinin vacibliyini qeyd edən Quterreş tərəflərə müraciət edərək, boğazın açılmasını, gəmilərin keçid haqqı və ayrı-seçkilik olmadan hərəkət etməsinə icazə verilməsini, ticarətin bərpası ilə qlobal iqtisadiyyatın canlanmasını istəyib.

BMT-nin tərəflər arasında ortaq məxrəcin tapılması üçün dəstək verməyə hazır olduğunu deyən Baş katib "Qara dəniz təşəbbüsü"nü nümunə çəkərək, münaqişə zamanı belə praktiki əməkdaşlığın bağlanan dəhlizləri aça biləcəyini nümayiş etdirdiyini bildirib.

Quterreş böhran anlarının seçim anları olduğunu xatırladaraq, beynəlxalq hüquqa hörmət, problemlərin kökünə enmə, dialoq və əməkdaşlığın davam etdirilməsi çağırışını təkrar edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu