Aşağı Yer orbiti çökmə riski ilə üz-üzədir
Yeni bir elmi araşdırma müasir peyk şəbəkələrinin güman edildiyindən daha həssas olduğunu və idarəetmə sistemlərində baş verəcək hər hansı nasazlığın cəmi 2,8 gün ərzində fəlakətlə nəticələnə biləcək toqquşmalara yol açacağını üzə çıxarıb.
AFN.az xəbər verir ki, "SciTechDaily" tərəfindən yayımlanan tədqiqatda xüsusilə meqa-peyk bürclərinin sayının artması ilə orbitdəki xəta payının təhlükəli dərəcədə azaldığına diqqət çəkilir. Britaniya Kolumbiyası və Prinston Universitetlərinin tədqiqatçıları orbitdəki obyektlərin manevr qabiliyyətini itirməsi halında yaşanacaq fəlakətin sürətini ölçmək üçün "CRASH Saatı" (Toqquşmanın Baş Verməsi və Kritik Zərər Saatı) adlı yeni bir metrik hazırlayıblar.
2025-ci ilin peyk məlumatlarına əsasən, operatorların yayınma manevri əmri göndərə bilmədiyi təqdirdə dağıdıcı toqquşmanın baş vermə müddəti cəmi 2,8 gün kimi hesablanıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə, yəni meqa-peyk şəbəkələri geniş yayılmamışdan əvvəl bu müddət 164 gün idi. Bu kəskin azalma orbitdəki riskin nə qədər sürətlə artdığını sübut edir. Xüsusilə Günəş fırtınaları peykləri birbaşa parçalamasa belə, onları idarəolunmaz hala gətirərək böyük böhranı tətikləyə bilər. Bu fırtınalar Yer atmosferinin yuxarı qatlarını qızdırıb genişləndirərək peyklərin hərəkətinə mane olur və operatorların trayektoriya proqnozlarını qeyri-mümkün edir.
Məlumata görə, "Starlink" kimi nəhəng şəbəkələr orbitdə qala bilmək üçün daim müdaxiləyə ehtiyac duyur. Belə ki, sözügedən peyklər 2024-cü ilin sonu ilə 2025-ci ilin ortaları arasında 144 404 yayınma manevri həyata keçirib. Bu, bütün şəbəkə üzrə hər 1,8 dəqiqədən bir manevr edilməsi deməkdir. Elm dünyasında "Kessler sindromu" kimi tanınan zəncirvari toqquşmalar ssenarisi adətən illərlə davam edən bir proses kimi xarakterizə olunsa da, bu yeni araşdırma nəzarətin itirilməsi halında təhlükənin cəmi bir neçə gün ərzində başlayacağına işarə edir. Hazırda aşağı Yer orbitində 1 kilometrlik məsafədə təhlükəli yaxınlaşmalar hər 36 saniyədən bir baş verir və şiddətli bir Günəş fırtınasının naviqasiya, maliyyə və hərbi sistemlər üçün həyati əhəmiyyət kəsb edən peyk şəbəkələrini sıradan çıxarma riski qaçınılmaz hesab olunur.

