Malinin müdafiə naziri Sadio Kamara hücum nəticəsində həyatını itirib
Malinin Keçid Hökuməti müdafiə naziri Sadio Kamaranın silahlı qruplaşmaların təşkil etdiyi hücumlar nəticəsində vəfat etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, hökumət sözçüsü briqada generalı İssa Usman Kulibali bir gün əvvəl baş tutan hücumlar zamanı terrorçu-kamikadzenin idarə etdiyi avtomobillə Kamaranın Bamako yaxınlığındakı Kati şəhərində yerləşən iqamətgahının hədəf alındığını bildirib.
Kulibali nazir Kamaranın hücumçularla atışmaya girdiyini, onlardan bəzilərini zərərsizləşdirdiyini, lakin toqquşma zamanı aldığı xəsarətlərdən çatdırıldığı xəstəxanada dünyasını dəyişdiyini qeyd edib.
Hücum zamanı iqamətgahın uçması nəticəsində digər itkilərin də olduğunu, yaxınlıqdakı məscidin dağılması səbəbindən içəridəki bir neçə nəfərin həlak olduğunu bildirən sözçü, Keçid Dövrünün Prezidenti Assimi Qoita başda olmaqla hökumətin və Mali xalqının Kamaranın ailəsinə, eləcə də bütün mülki və hərbi qurbanların yaxınlarına başsağlığı verdiyini çatdırıb.
Nazirin ölümü ilə əlaqədar bu gündən etibarən ölkə daxilində 2 günlük milli matəm elan edilib.
Hücumların "Camaat Nüsrət əl-İslam vəl-Müslimin" və "Azavad Qurtuluş Cəbhəsi" adlı silahlı qruplaşmalar tərəfindən törədildiyi iddia olunur.
Malidə aprelin 25-i səhər saatlarında silahlı qruplaşmaların koordinasiyalı hücumları başlamış, paytaxt Bamakodakı Kati hərbi bazası, Modibo Keita hava limanı ətrafındakı hərbi düşərgə, həmçinin Kidal, Qao və Sevare başda olmaqla bir çox şəhərdə intensiv atəş səsləri, partlayışlar və toqquşmalar qeydə alınmışdı.
