Qlobal hərbi xərclər ötən il təxminən 2,9 trilyon dollarla rekord təzələdi
Qlobal hərbi xərclər davam edən müharibələr və artan geosiyasi qeyri-müəyyənliklərin təsiri ilə 2025-ci ildə real ifadədə illik 2,9 faiz artaraq 2 trilyon 887 milyard dollarla rekord yenilədi. AFN.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2025-ci ilə dair qlobal hərbi xərclər hesabatını açıqlayıb.
Hesabatda qlobal hərbi xərclərin ardıcıl 11-ci dəfə yüksəldiyi bildirilərək, hərbi xərclərin qlobal Ümumi Daxili Məhsuldakı (ÜDM) payının 2,5 faizə yüksəldiyi və bunun 2009-cu ildən bəri ən yüksək səviyyə olduğu vurğulanıb.
Ötən il ən çox hərbi xərc çəkən beş ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub və bu ölkələrin xərcləri dünya hərbi xərclərinin 58 faizini təşkil edib.
Dünyanın ən çox hərbi xərc çəkən ölkəsi olan ABŞ-ın xərcləri 2025-ci ildə 7,5 faiz azalaraq 954 milyard dollara geriləyib və bu azalmanın əsas səbəbi kimi Prezident Donald Tramp dövründə Ukraynaya yönəlmiş yeni maliyyə hərbi yardım paketlərinin təsdiqlənməməsi göstərilib.
SIPRI mütəxəssisləri büdcə proqnozlarına əsasən ABŞ xərclərindəki bu azalmanın qısamüddətli olacağını təxmin edirlər.
ABŞ-dan sonra dünyada ən çox hərbi xərc çəkən ölkə olan Çinin xərcləri 2025-ci ildə illik 7,4 faiz artımla 336 milyard dollara çatıb. Çində hərbi xərclərin artımının 31 ildir davam etdiyinə işarə edilən hesabatda, bu artımın orduda aparılan təmizləmələrə və korrupsiya ilə mübarizə kampaniyasına baxmayaraq sürdüyü diqqətə çatdırılıb.
Rusiyanın hərbi xərcləri isə ötən il 5,9 faiz artıb və 190 milyard dollarla dünya üçüncülüyünü qoruyub.
Türkiyənin hərbi xərcləri ötən il bir əvvəlki ilə nisbətən 7,2 faiz artaraq 30 milyard dollara çatıb. Ölkənin hərbi xərclərinin 2025-ci ildə 2016-cı illə müqayisədə 94 faizlik artım göstərdiyi bildirilib.
SIPRI hesabatında Türkiyənin hərbi xərclərindəki artımın əsas hərəkətverici qüvvəsinin yerli silah sənayesinə qoyulan investisiyalar olduğu qeyd edilib.
Geosiyasi qeyri-müəyyənlik Avropanı da silahlanma rekorduna itələyib. Avropanın hərbi xərcləri 2025-ci ildə 14 faiz artaraq 864 milyard dollar ilə bütün zamanların ən yuxarı səviyyəsinə yüksəlib.
Bu artım Rusiya-Ukrayna müharibəsi qaynaqlı geosiyasi qeyri-sabitliyin və ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair qeyri-müəyyənliyin bir nəticəsi kimi qiymətləndirilib.
Almaniyanın hərbi xərcləri 24 faiz artaraq 114 milyard dollara yüksəlib və dünyada dördüncü sıraya çıxıb, Ukraynanın xərcləri isə 84,1 milyard dollarla ÜDM-nin 40 faizinə çatıb.
Asiya və Okeaniya bölgəsindəki hərbi xərclər 2025-ci ildə 8,1 faiz artaraq 681 milyard dollara çatıb. İsraildə isə Qəzzadakı hücumların azalmasına paralel olaraq hərbi xərclərdə 4,9 faizlik məhdud bir azalma görülüb.
Bu artım fonunda Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycanın hərbi büdcəsi mühüm göstəricilərlə diqqət çəkib.
Azərbaycanın hərbi xərcləri regional təhlükəsizlik dinamikası və ordunun modernləşdirilməsi fonunda artmaqda davam edir. 2025-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 4 milyard dollar (təxminən 6,8 milyard manat) civarında qiymətləndirilir.
Azərbaycan hərbi xərclərin Ümumi Daxili Məhsuldakı (ÜDM) payına görə dünyada ön sıralarda qalan ölkələrdən biridir və bu göstərici təxminən 4,5% - 5% arasında dəyişir.
SIPRI analitikləri qeyd edirlər ki, Azərbaycanın hərbi xərcləri Ermənistanla müqayisədə ciddi üstünlüyünü saxlayır.
Ermənistanın hərbi xərcləri də 2025-ci ildə artaraq təxminən 1,4-1,6 milyard dollara çatıb. Lakin Azərbaycanın hərbi büdcəsi mütləq rəqəmlərlə Ermənistanın xərclərini təxminən 2,5 - 3 dəfə üstələməyə davam edir.

