Qlobal hərbi xərclər keçən il 2 trilyon 718 milyard dollarla rekord qırıb


Qlobal hərbi xərclər geosiyasi gərginliyin artması səbəbindən 2024-cü ildə əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2 trilyon 718 milyard dollarla rekord qırıb.



Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2024-cü il üçün qlobal hərbi xərclərə dair hesabatını açıqlayıb.

Qlobal hərbi xərclərin 2024-cü ildə əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2 trilyon 718 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatdığı və buna Avropa və Yaxın Şərqdə hərbi xərclərin kəskin artmasının təsirli olduğu vurğulanıb.

Hesabatda qlobal hərbi xərclərin son 10 ildə ardıcıl olaraq artdığı, keçən il Soyuq Müharibə bitdikdən sonra ən kəskin artımın qeydə alındığı, adambaşına düşən qlobal hərbi xərclərin 1990-cı ildən bu yana ən yüksək həddi 334 dollara çatdığı qeyd edilib.

SIPRI hesabatında qeyd olunub ki, hərbi xərclər keçən il bütün dünyada artıb, xüsusilə də Avropa və Yaxın Şərqdə böyük artımlar olub.

2024-cü ildə hərbi xərclərin ən çox olduğu 5 ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub və bu ölkələrin xərcləri dünya hərbi xərclərinin 60 faizini təşkil edib.

Keçən il əksər Avropalı NATO üzvləri hərbi xərclərini artırıb və onların NATO-dakı ümumi payı 30 faizə çatıb ki, bu da son 11 ilin ən yüksək göstəricisidir.

Qeyd edək ki, SIPRI 1966-cı ildə yarandığı gündən bəri münaqişə, silahlanma, silahlara nəzarət və tərksilah kimi sahələrdə araşdırmalar, hesabatlar və təhlillər hazırlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu