İrandan yeni təhdid: Bəsrə körfəzinə minalar düzüləcək



İran Müdafiə Şurası ABŞ və İsrailin ölkə ərazilərinə, adalarına və ya sahil zolağına qarşı mümkün hücumuna cavab olaraq hərbi tədbirləri kəskinləşdirəcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Şura tərəfindən verilən açıqlamada hücum baş verəcəyi təqdirdə strateji əhəmiyyət kəsb edən Bəsrə körfəzinə minaların düzüləcəyi elan olunub.

İsrailin "Jerusalem Post" qəzetinin adını açıqlamadığı mənbələrə istinadən yaydığı iddialara görə, Vaşinqton administrasiyası İranın enerji ixrac mərkəzi olan Xark adasına qarşı quru əməliyyatı keçirməyi ciddi şəkildə müzakirə edir. Yüksək rütbəli amerikalı rəsmilərin İsrail də daxil olmaqla bölgədəki müttəfiqlərinə adanı işğal etməkdən başqa variantın qalmadığı barədə bildiriş göndərdiyi irəli sürülür.

Hərbi mənbələr ABŞ ordusunun Xark adasına desant çıxarma ehtimalına qarşı bölgəyə minlərlə dəniz piyadası və donanma heyətindən ibarət nəhəng köçürmə başlatdığını bildirir. Köçürmə çərçivəsində yüngül aviadaşıyıcı vəzifəsini də yerinə yetirən "USS Boxer" amfibiya hücum gəmisi ilə yanaşı, "USS Portland""USS Comstock" kimi nəqliyyat gəmilərinin Yaxın Şərqə çatdığı qeyd olunur.

Təxminən 4500 nəfərlik şəxsi heyəti daşıyan bu hazırlıq qrupunun mümkün əməliyyat üçün hazır vəziyyətə gətirildiyi ifadə edilir. Bəsrə körfəzində yerləşən və təxminən 21 kvadrat kilometrlik sahəni əhatə edən Xark adası İranın iqtisadi varlığı üçün həyati əhəmiyyət daşıyır. Ölkənin ümumi xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi bu strateji ada birbaşa hasilatla məşğul olmasa da, dənizaltı boru kəmərləri ilə gələn neftin saxlanıldığı və nəhəng tankerlərə yükləndiyi əsas terminal rolunu oynayır.

Adadan ixrac edilən neftin böyük hissəsinin birbaşa Çinə göndərilməsi səbəbindən mümkün işğal və ya blokada vəziyyətinin təkcə regional deyil, həm də qlobal enerji bazarlarını və beynəlxalq balansları birbaşa sarsıdacağı qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu