Skott Bessent: İran neftinə sanksiyalar ləğv edilə bilər
ABŞ-ın maliyyə naziri Skott Bessent dənizdə olan İran neftinə tətbiq edilən sanksiyaların qaldırıla biləcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Bessent "Fox Business" televiziyasında qatıldığı proqramda Yaxın Şərqdəki münaqişələrin təsiri ilə təzyiq altında qalan neft bazarına dair qiymətləndirmələr aparıb. Daşınma mərhələsində olan Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etdiklərini xatırladan Bessent, "Önümüzdəki günlərdə dənizdə olan İran neftinə qarşı sanksiyaları da qaldıra bilərik" deyə bildirib.
Bessent bu miqdarın təxminən 140 milyon barel olduğuna işarə edərək, bunun iranlıların bazara çıxardığı və normalda hamısı Çinə gedəcək 10 gündən 2 həftəyə qədər olan tədarük mənasına gəldiyini qeyd edib. ABŞ-ın maliyyə naziri "Əslində, bu kampaniyanı davam etdirərkən önümüzdəki 10-14 gün ərzində qiymətləri aşağı saxlamaq üçün İranın barellərini məhz iranlıların özlərinə qarşı istifadə etmiş olacağıq" ifadəsini işlədib.
Əllərində istifadə edə biləcəkləri daha bir çox vasitənin olduğunu deyən Bessent, keçən həftə 400 milyon barellə tarixin ən böyük koordinasiyalı strateji neft rezervinin (SPR) bazara çıxarılmasının təsdiqləndiyini xatırladıb. O, ABŞ-ın qiymətləri aşağı saxlamaq məqsədilə birtərəfli qaydada daha bir strateji rezerv buraxılışı həyata keçirə biləcəyini də əlavə edib.
Qeyd edək ki, ABŞ rəhbərliyi keçən həftə dənizdə qalmış Rusiya neftinin alınmasına müvəqqəti icazə vermişdi. Sanksiyalar çərçivəsində qadağan olunan Rusiya mənşəli neft məhsullarının satışı və ya gəmidən boşaldılması, bu məhsulların 12 mart tarixinə qədər gəmiyə yüklənməsi şərtilə 11 aprelə qədər sərbəst buraxılmışdı.
