ABŞ Maliyyə Nazirliyi üç Rusiya vətəndaşına və Rusiya ilə BƏƏ-yə aid üç şirkətə sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi üç Rusiya vətəndaşı, bir Özbəkistan vətəndaşı, habelə Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus üç şirkətə qarşı sanksiyalar tətbiq edib.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu şəxs və qurumların kiber-təhlükəsizlik sahəsindəki təhdidlərlə əlaqədar sanksiya siyahısına əlavə edildiyini bildirib.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər arasında Rusiya vətəndaşları Sergey Zelenyuk, Oleq Kuçerov, Marina Vasanoviç və bir Özbəkistan vətəndaşının adı var. Hüquqi şəxslər arasında isə Rusiyanın "Matritsa" ("Matrix LLC") şirkəti, habelə Dubayda qeydiyyatdan keçmiş "Advance Security Solutions" və "Special Technology Services" müəssisələri yer alıb.
Məlumata görə, Sergey Zelenyuk və onun "Matritsa" şirkəti ("Operation Zero" brendi ilə tanınır) ABŞ hökumətinə məxsus kiber-alətlərin və proqram təminatı boşluqlarının (exploits) qanunsuz əldə edilməsi və satışı ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə ittiham olunur. Bu əməliyyatların ABŞ-ın milli təhlükəsizliyinə zərər vurduğu vurğulanır.
Dubayda fəaliyyət göstərən şirkətlərin isə bu şəbəkənin bir hissəsi olduğu və kiber-hücum alətlərinin ticarətində vasitəçilik etdiyi iddia edilir. Sanksiyalar çərçivəsində sözügedən şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulur və Amerika vətəndaşlarının onlarla hər hansı işgüzar əlaqə qurması qadağan edilir.




